“İrəvan qazısının seçilməsi barədə qəbul edilən qərarı alqışlayırıq”

 13:49 24.05.2025     106

“Qərbi Azərbaycan İcması olaraq, Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının mayın 22-si Bakıda keçirilmiş əlahiddə toplantısında İrəvan Qazılığının fəaliyyətinin bərpa edilməsi, İrəvan Qazılığının Əsasnaməsinin təsdiq edilməsi və İrəvan qazısının seçilməsi barədə qəbul etdiyi qərarları alqışlayırıq”.  

Redaktor.az xəbər verir ki, bu fikirlər Qərbi Azərbaycan İcmasının yaydığı bəyanatda yer alıb.

“Xatırladırıq ki, İrəvan şəhərindəki Göy Məscid istisna olmaqla, Qərbi Azərbaycanda mövcud olmuş 300-ə yaxın məscidin hamısı Ermənistan tərəfindən məhv edilib. Eyni zamanda, 500-dən artıq qəbiristanlıq dağıdılmış, azərbaycanlıların mədəni və dini irsi sistemli şəkildə yer üzündən silinmişdir. Bu, beynəlxalq hüququn və insan haqlarının kobud şəkildə pozulmasıdır.

İrəvan Qazılığının fəaliyyətinin bərpası dini etiqad azadlığının təmin edilməsi, Qərbi Azərbaycanda multikultural mühitin yenidən canlandırılması və tarixi ədalətin bərpası baxımından əhəmiyyətli bir addımdır. Bu qərar, eyni zamanda, Ermənistandan zorla çıxarılmış azərbaycanlıların öz tarixi torpaqlarına qayıdışına xidmət edən mühüm bir inkişafdır.

Qərbi Azərbaycan İcması olaraq, Ermənistan hökumətindən azərbaycanlıların Göy məsciddən sərbəst istifadəsinə şərait yaratmağı, dağıdılmış məscidləri və azərbaycanlılara məxsus digər mədəni abidələri bərpa etməyi və Qərbi Azərbaycandan qovulmuş azərbaycanlıların öz doğma torpaqlarına təhlükəsiz və ləyaqətli şəkildə qayıdışına şərait yaratmağı tələb edirik.

Biz dünya dövlətlərini, BMT-ni və digər müvafiq təşkilatları Ermənistanın törətdiyi haqsızlıqların aradan qaldırılması üçün bu dövlətə təzyiq etməyə çağırırıq”.