"Prezident sülhməramlıların yerləşdirilməsinin Ukraynaya faydası olmayacağına bu sözlərlə işarə etdi"

 13:06 25.05.2025     209

"Azərbaycan Prezidenti İlham Əliyev mayın 25-də Ukraynanın xarici işlər naziri Andrey Sibiqanı qəbul edib. Sibiqa Ukrayna Prezidenti Volodimir Zelenskinin salamlarını İlham Əliyevə çatdırıb. Azərbaycan Prezidenti beynəlxalq konfranslarda fürsət düşən kimi Volodimir Zelenski ilə ikiltərəfli görüş keçirir. Xatırlatmaq yerinə düşər ki, Vladimir Zelenski Prezident seçildikdən sonra Cənubi Qafqaz ölkələri arasında yalnız Azərbaycana səfər edib. Bu Zelenskinin Azərbaycanla əməkdaşlığa verdiyi əhəmiyyətdən irəli gəlir". 

Redaktor.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu özünün feysbuk səhifəsində yazıb. O, bildirib ki, İlham Əliyev Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyini dəfələrlə vurğulayıb:

"Dövlət başçısı aprel ayında ADA Universitetində “Yeni dünya nizamına doğru” mövzusunda keçirilən beynəlxalq forumda çıxışı zamanı “biz hər zaman Ukraynanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləmişik, dəstəkləyirik və dəstəkləməkdə davam edəcəyik” ifadəsini işlədib. İlham Əliyevin Rusiya ilə Ukrayna arasında mümkün atəşkəsə maraqlı yanaşması da var. Rusiya-Ukrayna müharibəsinin dayandırılmasını istədiyini deyən İlham Əliyev bununla yanaşı “müvəqqəti atəşkəs dayanıqlı olacaqmı” sualını da səsləndirib: “Atəşkəs heç zaman müharibəni dayandırmır”. İlham Əliyev forumdakı çıxışında sülhməramlıların təmas xəttində yerləşdirilməsinin də Ukraynaya faydası olmayacağına bu sözlərlə işarə edib: “Əgər işğal olunmuş yerlərdə sülhməramlı təmas xəttinə gəlirsə, bu o deməkdir ki, siz öz ərazinizlə vidalaşmalısınız və ən azı, mən bildiyimə görə, heç bir ölkə ərazi bütövlüyü ilə güzəştə getməyi və sülh müqabilində özünün beynəlxalq səviyyədə tanınmış ərazisini qurban verməyi Ukraynadan gözləməyi razılaşmayacaq”.

Politoloqun sözlərinə görə, Azərbaycan Prezidentinin bu açıqlamaları Ukrayna rəsmiləri və ekspertləri tərəfindən yüksək qiymətləndirilib:

"Təsadüfi deyil ki, Andrey Sibiqa Azərbaycanın Ukraynanın ərazi bütövlüyünə və suverenliyinə göstərdiyi dəstəyə görə bir daha minnətdarlığını söyləyib. Ukraynalı nazir eyni zamanda İlham Əliyevlə görüşdə Azərbaycan dövləti tərəfindən Ukraynaya göstərilən humanitar yardımlara görə təşəkkürlərini bildirib, xüsusilə İrpen şəhərində həyata keçirilən layihələrin əhəmiyyətini vurğulayıb. Öz növbəsində İlham Əliyev Azərbaycan tərəfindən Ukraynaya humanitar yardımın bundan sonra da davam etdiriləcəyini bildirib. Görüşdə ölkələrimiz arasında energetika, bərpaolunan enerji, nəqliyyat, ticarət, kənd təsərrüfatı sahələrində əlaqələrin perspektivlərinə dair fikir mübadiləsi aparılıb. Kiyevin Bakıdan daha bir istəyi var. Bu il iyulun 10-11-də Romada Ukraynanın Bərpası Konfransı keçiriləcək. Ukrayna Azərbaycanın da bu tədbirdə iştirakını istəyir. Söhbət Ukraynanın müharibədən sonra yenidən qurulmasından gecədəyindən böyük ehtimalla Azərbaycanın bu tədbirdə təmsil olunacaq".

Vasif ƏLİHÜSEYN