"Kiyevin gerbində olan iki bıçaq və ortasındakı müqəddəs qopuz türklüyün simvoludur" - Deputat

Prezident İlham Əliyev mayın 25-də Ukraynanın xarici işlər naziri Andrey Sibiqanı qəbul edib. Nazir Azərbaycanın Ukraynanın ərazi bütövlüyünə və suverenliyinə göstərdiyi dəstəyə görə minnətdarlığını ifadə edib. Dövlət başçımız isə Ukraynaya humanitar yardımın bundan sonra da davam etdiriləcəyini qeyd edib.
Ukrayna və Rusiya müharibəsinin gedişatında Azərbaycanın Ukraynaya dəstəyi gələcək aspektdə əlaqələrin inkişafına necə təsir edə bilər?
Mövzu ilə bağlı Redaktor.az-a danışan Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, deputat Hikmət Babaoğlu bildirdi ki, Azərbaycan-Ukrayna münasibətlərinin çox dərin, mədəni kökləri var. Onun sözlərinə görə, hazırkı mərhələdə bu münasibətlər milli maraqlar əsasında qurulan münasibətlərdir və istisnasız olaraq beynəlxalq hüquqa söykənən münasibətlərdir:
"Buna görə də Azərbaycan daim Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir, Ukrayna isə 30 illik işğal dövründə bütün beynəlxalq təşkilatlarda və ikitərəfli münasibətlərdə həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. Ukrayna xarici işlər nazirinin Azərbaycana səfəri zamanı Azərbaycan bir daha beynəlxalq hüquq prinsiplərinə sadiq qaldığını vurğulayaraq Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyini bildirdi. Əlbəttə ki, belə prinsipial mövqe Ukraynanın xarici işlər naziri Andrey Sibiqa tərəfindən yüksək qiymətləndirildi. Amma bu məsələnin hamısı deyil".
Deputat qeyd etdi ki, Azərbaycan və Ukrayna xalqları arasında tarixi, dərin köklərdən gələn etnik qohumluq münasibətləri də var.
"Albaniyanı tərk edən xristian qıpçaqların böyük əksəriyyəti Dəşt-i Qıpçaqa köç etdilər. Xəzər türklərinin böyük əksəriyyəti hazırkı Ukrayna ərazisindəki Dəşt-i Qıpçaqın qərb hissəsinə köç etdilər. Beləliklə, bugünkü Ukrayna xalqının etnogenezisində mühüm rol oynadılar. 1600-cü illərə qədər, Ukrayna Çar Rusiyası tərəfindən işğal edilənə qədər, Ukraynada insanlar türk dilində danışırdılar. Müəyyən təzyiqlər əsasında dil ictimai ünsiyyət vasitəsi kimi aradan çıxdısa da, ancaq 1917-ci ilə qədər bütün xristian kilsələrində yenə də ibadət dili ilkin orta əsrlərdə Azərbaycan Albaniya dövlətində danışılan dil idi. Bu gün arxivlərdə minlərlə belə sənədlər var. Çox yaxşı ki, həmin dövrə aid dil nümunələri folklor nümunəsi kimi bu gün də Ukraynada saxlanmaqdadır.
Kiyevin gerbində olan iki bıçaq və ortasındakı müqəddəs qopuz türklüyün simvoludur. Ukraynanın bayrağında olan mavi göy və sarı günəş tanrıçılıq inancı deməkdir. Ukrayna və Azərbaycan münasibətlərinin bu qədər dərin kökləri var. Əlbəttə ki, Azərbaycan Prezidenti daim Ukraynaya bu ağır mərhələdə humanitar yardım göstərmək qətiyyətini nümayiş etdirib. Bu gün də, bundan sonra da Azərbaycanın Ukraynaya humanitar yardımı davam edəcək. Azərbaycan prezidentinin bu mövqeyi bütün sülhsevər ictimaiyyətdə, o cümlədən Ukraynada böyük təqdirlə qarşılanır. Düşünürəm ki, Ukraynada müharibə bitdikdən sonra Azərbaycan-Ukrayna münasibətlərinin daha da dərinləşməsi üçün perspektivlər və imkanlar var. Biz bunun real həyata keçirilməsinə şahidlik edəcəyik", - deyə H.Babaoğlu bildirdi.
Aytəkin TOFİQQIZI