"Paşinyan reallığı qəbul edərək şərtləri həyata keçirməyə məcbur olacaq"

 12:47 27.05.2025     277

Xəbər verdiyimiz kimi, Ermənistanın Baş naziri Nikol Paşinyan "İrəvan Dialoqu" formu çərçivəsində bildirib ki, Konstitusiya Məhkəməsi Azərbaycanla sülh sazişini təsdiqləməsə, əsas qanuna dəyişiklik ediləcək. O, həm də qeyd edib ki, sülh sazişi bağlamaq imkanını əldən vermək olmaz.

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında politoloq Sədrəddin Soltan bildirib ki, bu, Paşinyanın yeni açıqlaması deyil:

"O, əvvəlki dövrlərdə də konstitusiya ilə bağlı oxşar fikirlər səsləndirmişdi. Bildirmişdi ki, konstitusiyanın dəyişdirilməsi və ya onun şərhi Konstitusiya Məhkəməsinin işidir. Həmçinin Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılması ilə bağlı məsələdə də bütün məsuliyyət Konstitusiya Məhkəməsinin üzərinə yüklənmişdi. Həmin məsələ o vaxt təsdiqlənmişdi. "Azərbaycanla saziş təsdiqlənməzsə, əsas qanuna dəyişiklik ediləcək" ifadəsi isə çox yanlışdır və bu, yenidən söz və fikir güləşdirməyə, şərti icra etməkdən yayınmağa cəhddir. Deməli, belə çıxır ki, əgər Konstitusiya Məhkəməsi Azərbaycanla sülh sazişini təsdiqləyərsə, Ermənistanın Konstitusiyası dəyişməyəcək? Azərbaycanın şərti ondan ibarətdir ki, Ermənistan Konstitusiyasında "Ermənistanın Müstəqillik Haqqında Aktı" çıxarılmalı və ya konstitusiya həmin akta əsaslanmamalıdır. Çünki Ermənistan Konstitusiyası məhz bu akta əsaslanaraq tərtib olunub. Həmin akt isə müstəqillik əldə edildikdən sonra bir neçə dəfə dəyişdirilib və yenilənib.

Odur ki, Azərbaycanın mövqeyi açıqdır: Konstitusiya dəyişdirilməlidir".

Müsahibimiz vurğuladı ki, bu, Ermənistan qarşısında irəli sürülmüş bir təklif deyil, Azərbaycanın sülh sazişi üçün qoyduğu şərtlərdən biridir.

"Heç kim inkar etmir ki, sülh sazişi üçün yaranmış fürsəti əldən vermək olmaz. Bu, ilk növbədə Ermənistanın ziyanına işləyir. Çünki Ermənistan sülh sazişini ləngitməklə, uzatmaqla iqtisadi baxımdan özünə problem yaradır. Xarici təsirlər artır, xüsusilə də Rusiyanın təsiri güclənir. Bir neçə il əvvəl Rusiyanın Ermənistana təsiri və təzyiqi bu qədər güclü deyildi. Sazişin imzalanması uzandıqca təzyiq daha da artır. Ermənistan gec-tez Konstitusiyanı dəyişəcək və həmin aktı ləğv edəcək. Hesab edirəm ki, İrəvan hakimiyyəti rəsmi Bakının şərtlərini qəbul edəcək. Paşinyan reallığı qəbul edərək bu şərtləri həyata keçirməyə məcbur olacaq. Çünki Ermənistanın Azərbaycan və Türkiyə ilə əməkdaşlıq etməkdən başqa yolu yoxdur. Bunun üçün isə Ermənistan irəli sürdüyü iddialara yenidən baxmalıdır",- deyə politoloq qeyd etdi.

Xədicə BAXIŞLI