"Azərbaycan və Ermənistan bir-birlərinə diplomatik dəstək veriblər" - AÇIQLAMA

 15:58 27.05.2025     199

Ermənistanın Baş naziri Nikol Paşinyan "X" sosial şəbəkəsində Ermənistanın "Avropa Siyasi Birliyi" sammitinin 2028-ci ildə Azərbaycanda keçirilməsini alqışladığını bildirib.

Redaktor.az-a danışan politoloq Zeynal Əmrəliyev bildirdi ki, hər iki ölkə sammitdə bir-birlərinin iştirakını dəstəkləyiblər.

"Bu il keçirilən “Avropa Siyasi Birliyi”nin sammitində belə qərar qəbul olundu ki, 2026-cı il sammiti Ermənistanın paytaxtı İrəvanda, 2028-ci ildə isə Azərbaycanda keçirilsin. Paşinyanın bu açıqlama ilə çıxış etməsi, şübhəsiz ki, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması istiqamətində atılan addım kimi səciyyələndirilə bilər. Bundan əvvəl də bir neçə diplomatik müstəvidə Azərbaycan və Ermənistan bir-birlərinə diplomatik dəstək veriblər. Əslində Azərbaycanın istədiyi Cənubi Qafqazda əməkdaşlıq mühitinin gücləndirilməsi, diplomatik əlaqələrin inkişafı, “Qafqaz evi” layihəsinin reallaşdırılmasdır".

zeynal serh

Z.Əmrəliyev bildirdi ki, Azərbaycan Prezidentinin əsas iddialarından biri “Qafqaz evi” layihəsinin formalaşdırılmasıdır.

"Məlum olduğu kimi, sovet hakimiyyəti dağıldıqdan sonra Baltikyanı respublikalarda - Litva, Estoniyada ümumi əməkdaşlıq perspektivi yaranıb. Baltikyanı respublikalar bu mənada bir-birlərinə siyasi dəstək verirlər. Eyni məsələnin Azərbaycan, Ermənistan və Gürcüstan arasında formalaşdırılması baş verə bilər.

Ermənistan tərəfi özünü sülh təşəbbüsçüsü kimi göstərmək missiyasını da nümayiş etdirə bilər. Eyni zamanda Ermənistan sülh müqaviləsi imzalanması üçün Azərbaycanın tələblərinə əməl etməlidir. Tələbimiz var ki, Ermənistan Konstitusiyasında olan maddələr dəyişdirilsin, kommunikasiya xətlərinin açılması ilə bağlı qərar qəbul olunsun, Zəngəzur dəhlizinin açılması ilə bağlı qərar qəbul edilsin. Bundan sonra sülh imzalana, əlaqələr normallaşa bilər. Bu təşəbbüs müsbət mənada dəyərləndirilə bilər",- deyə politoloq qeyd etdi.

Aytəkin TOFİQQIZI