Pezeşkianın Ermənistan səfəri sülhə təsir göstərəcək? - AÇIQLAMA

 16:53 29.05.2025     218

İran Prezidenti Məsud Pezeşkianın Ermənistana səfəri planlaşdırılır. O, bir müddət əvvəl Azərbaycana da səfər etmişdi.

İran Prezidentinin Ermənistan səfəri Azərbaycan-Ermənistan arasında sülh sazişinin əldə olunmasına təsir edə bilərmi?

Mövzu ilə bağlı Redaktor.az-a danışan politoloq Sultan Şahidov bildirdi ki, Azərbaycan-Ermənistan arasındakı sülh sazişinin əldə olunmasında hazırda əsas maneə Ermənistanın Azərbaycanın irəli sürdüyü şərtləri yerinə yetirməməsidir:

"İlk növbədə Ermənistanın rəhbərliyinin siyasi iradəsi vacibdir ki, haqlı tələbləri yerinə yetirsin. Konstitusiyada dəyişiklik edilsin, ATƏT-in Minsk qrupu ləğv edilsin ki, bundan sonra sülh üçün real imkanlar yaransın. Pezeşkianın səfəri, Fransanın müdaxiləsi nisbətən ikinci dərəcəli faktorlardır. Çünki top hazırda Ermənistan tərəfindədir. Ermənistan rəhbərliyi İran və Fransadan göstərişlər alaraq, hansısa prosesi yuvadırsa, bu artıq rəhbərliyin özünün təqsiridir. Amma aydın məsələdir ki, bölgədə sülhü istəməyən qüvvələr mövcuddur. Bu sülh bağlandıqda həmin qüvvələrin bölgəyə təsir imkanları daralacağından onlar çalışırlar ki, sülhə əngəl olsunlar".

Politoloq: Fransanın Ermənistanı himayə etməsi onun beynəlxalq hüququn  normalarını kobudcasına pozduğunu göstərir - AZƏRTAC

Politoloq bildirdi ki, İran rəsmi bəyanatlarda sülhə maraqlıdır.

"Amma real olaraq, nə qədər bağlı olması, İranın gələcək addımlarından bilinəcək. Məsələn, Pezeşkian ən son Bakıya səfərində sülhü dəstəklədiyini bildirmişdi. Amma bundan sonra İran tərəfindən hansı addımlar atılacaqsa, bunlar rəsmi Tehranın məsələdə maraqlı olub-olmadığını göstərəcək. Bir şeyi dəqiq bilirik ki, İran bu günə qədər Zəngəzur dəhlizinə qarşı çıxır. Bu məsələdə tam Ermənistanın mövqeyini dəstəkləyir", - deyə müsahibimiz vurğuladı.

Aytəkin TOFİQQIZI