Laçında Zirvə görüşü: Azərbaycana qarşı məkirli planlar cızanlara CİDDİ MESAJ

 18:58 29.05.2025     171

Ötən gün Laçında Azərbaycan, Türkiyə və Pakistan liderlərinin Zirvə görüşü keçirilib.

Laçında belə bir yüksək səviyyəli görüşün keçirilməsi nəyin göstəricisidir?

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, deputat Ceyhun Məmmədov Redaktor.az-a açıqlamasında bildirdi ki,  Azərbaycan xalqı növbəti bir möhtəşəm tədbirin şahidi oldu.

"Uzun müddətdir Azərbaycan Pakistan və Türkiyə ilə əlaqələrini daha da inkişaf etdirir. Davamlı olaraq bu istiqamətdə silsilə tədbirlər keçirilir. Bu gün dünyamızın çox qarışıq, mürəkkəb olduğu bir dövrdə bu görüş olduqca önəmlidir. Görüş onu göstərir ki, Azərbaycan Türkiyənin, Türkiyə Azərbaycanın, Pakistan Azərbaycanın, Azərbaycan isə Pakistanın hər zaman yanında olub. Bu, qədim dövrlərdən bu günümüzə kimi cərəyan edən, gedən proseslərdir. Bu, eyni zamanda gözü torpaqlarımızda olan, Azərbaycana qarşı məkirli planlar cızan, cızmaq istəyənlərə də ciddi mesajdır ki, bu gün Azərbaycan dövləti öz müttəfiqləri, qardaşları ilə bütün təhlükələri dəf etməyə, onların qarşısını almağa hazırdır. Bunun üçün hər üç tərəf lazımlı addımları atırlar. İllər öncə bəlkə də kimsə desəydi ki, Laçın alınacaq, hava limanı tikiləcək, üç ölkə rəhbəri orada iştirak edəcək, insanların çoxu üçün bu, yuxu kimi gələrdi".

Deputat qeyd etdi ki, Prezident İlham Əliyev arzuları həyata keçirdi.

"Bu gün Azərbaycanın müstəqilliyini bərpa etdi, Azərbaycanın qüdrətini, dostlarını, müttəfiqlərinin sayını daha da artırdı. Bu prosesə öz töhfəsini verdi, siyasətini uğurla davam etdirərək bu əməkdaşlığı, əlaqələri, münasibətləri ən yüksək səviyyəyə qaldıra bildi. Bu, olduqca böyük uğur, böyük bir tarixi nailiyyətdir", - deyə Ceyhun Məmmədov vurğuladı.

Aytəkin TOFİQQIZI

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi" mövzusunda dərc olunub.

2