"Pakistanla Əfqanıstan arasında gərginlik Çinə də çətinliklər yaradıb"

 11:59 30.05.2025     208

"Pakistanla Hindistan arasında atəşkəs əldə olunduqdan sonra indi də Pakistan-Əfqanıstan sərhədində toqquşmalar olub. Silahlı toqquşma iki ölkə arasındakı sərhədin Hilmənd əyalətində qeydə alınıb. Münaqişəyə səbəb kimi Pakistanın sərhəd-keçid məntəqələrinin tikintisi göstərilib. Hazırda ölkələr arasında sərhəd bütün nəqliyyat növləri üçün bağlıdır".

Redaktor.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib. O, bildirib ki, Pakistanla Əfqanıstan arasında gərginliyə səbəb olan amillərdən biri də İslamabadın əfqan mühacirələri ölkədən deportasiya etməsidir:

"Taliban Əfqanıstanda hakimiyyət yiyələndikdən sonra Pakistanla sərhəddə gərginlik azalmır, müxtəlif zaman kəsiklərində toqquşmalar qeydə alınıb. Pakistanın mövqeyi belədir ki, Taliban Əfqanıstandakı silahlı qruplara nəzarət edə bilmir və həmin qruplar sərhəddə gərginlik yaradırlar. Pakistan hərbi hava qüvvələri bir neçə dəfə həmin qrupların sığınacaqlarına zərbələr endirib. Taliban buna cavab olaraq Pakistan ərazisini atəşə tutub. Bu zaman hər iki tərəfdən itkilər olub.

Pakistanla Əfqanıstan arasında gərginliyə səbəb olan digər amil İslamabadın əfqan mühacirələri ölkədən deportasiya etməsidir. Uzun onilliklər ərzində Əfqanıstandakı müharibələrdən qonşu ölkələrdə sığınacaq tapan əfqanların sayı milyonlarladır. İslamabad və Tehran Əfqanıstanda mərkəzi hakimiyyətin formalaşdığını əsas tutaraq əfqanların vətənlərinə dönməsi vacibliyi qənaətindədir. Pakistan və İran əfqanların deportasiyasını genişləndiriblər. Bu onsuz da ağır iqtisadi vəziyyətdə olan Əfqanıstanın durumunu daha da mürəkkəbləşdirib. Deportasiya edilən əfqanları yerləşdirmək və onları ərzaqla təmin etmək lazımdır. Vəziyyəti çətinləşdirən Talibanın sərt qanunlar tətbiq etməsi, qadınların hüquqlarını məhdudlaşdırmasıdır. Bu səbəbdən bir çox ölkə və beyəlxalq qurum Əfqanıstana yardım etmək istəmir".

E.Şahinoğlu bildirib ki, Pakistanla Əfqanıstan arasında gərginlik Çinə də çətinliklər yaradıb:

"Pakistan Çinin strateji müttəfiqidir. Çinin Pakistana böyük yatırımları var, bu ölkədə müxtəlif nəqliyyat layihələri həyata keçirir. Pekin eyni zamanda Talibanla da sıx təmaslar qurub. Talibanı ilk tanıyan ölklərdən biri məhz Çindir. Pekin Əfqanıstana da yatırımlar qoymağa başlayıb, bu ölkənin zəngin yeraltı sərvətlərini işlətmək istəyir. Buna görə də, Çinin iki tərəfdaşı arasında sərhədi gərginliyi Pekinin regional maraqlarına zərər vurur".

 Vasif ƏLİHÜSEYN