"Talibanı Pakistana qarşı hücuma təhrik edən Hindistandır"

"Əfqanıstanla Pakistan arasındakı münaqişə sərhəddə yerləşən ən böyük əyaləti Hilmənddə baş verib. Əfqanıstanla Pakistan arasında sərhədi beton divar ayırır. Bu bölgənin sakinləri isə Pakistanın belə bir addım atmasından narazıdırlar. Bu ərazi həm də narkotik maddələrin əkildiyi ən böyük sahələrdən biridir və əsas dayaqlardan sayılır".
Bu fikirləri Redaktor.az-a açıqlamasında politoloq Sədrəddin Soltan Pakistan və Əfqanıstan arasında ötən gün baş verən hərbi toqquşmanı şərh edərkən bildirdi.
Onun sözlərinə görə, vaxtilə Talibanın əsas dayaq bölgələrindən biri olan Hilmənd, bu gün də həmin statusunu qoruyub saxlayır:
"Pakistanın bu ərazidə anti-terror əməliyyatı keçirməsi təbii qarşılanır. Çünki məhz bu bölgədən -Hilmənddən Pakistana həm narkotik maddələr, həm də terrorçular sızır. Bu problemi həll etmək üçün Pakistan Əfqanıstanla sərhəddə beton divarlar hörür. Bir neçə dəfə Taliban hökuməti ilə Pakistan arasında sərhəddə baş verən terrorçu fəaliyyətləri və qanunsuz sərhəd keçidləri ilə mübarizə məsələləri müzakirə olunub".
S.Soltan bildirdi ki, bu məsələ ilə bağlı iki dövlət arasında yenidən müzakirələr aparılacaq.
"Təbii ki, terrora və terrorçulara qarşı mübarizə Pakistanın ictimai, siyasi və iqtisadi həyatına təsir göstərir. Bununla yanaşı, qohumluq əlaqələri olan etnik qrupların nümayəndələri üçün də bu vəziyyət müəyyən problemlər yarada bilər. Lakin Pakistanın həyata keçirdiyi əməliyyatları Hindistanın Pakistan İslam Respublikasına qarşı həyata keçirdiyi hərbi müdaxilə ilə müqayisə etmək düzgün deyil. Çünki Hindistan Pakistanın ərazisinə hücum etmişdi və buna qarşı cavab verildi. Bu halda isə söhbət sərhəddə Pakistanın təhlükəsizliyini qorumaqdan gedir. Ehtimal olunur ki, həmin qruplaşmaları Pakistana qarşı hücuma təhrik edən tərəf Hindistandır. Buna görə də Pakistan həmin qruplaşmalara qarşı mübarizəni sərtləşdirib və həmin əyalətdə sərhəd divarları inşa edib",- deyə politoloq qeyd etdi.
Xədicə BAXIŞLI