"Ukraynanın Rusiyada keçirdiyi əməliyyat tarixə yazılacaq"

 18:57 03.06.2025     175

"Ukraynanın keçirdiyi əməliyyat tarixə yazılan bir əməliyyat olacaq".

Bunu Redaktor.az-a açıqlamasında hərbi ekspert Azad İsazadə Ukraynanın Rusiyaya etdiyi dron hücumunu nəticəsində 40-dan çox bombardmançı təyyarənin məhv edilməsini şərh edərkən bildirdi.

Ekspertin fikrincə, buna oxşar əməliyyat hələ olmayıb:

"Doğrudan da, çox düzgün, çətin və möhtəşəm peşəkarlıq tələb edən əməliyyatdır. Sözsüz ki, Ukrayna bu əməliyyatı qapalı və tam məxfi şəraitdə keçirib, amma Qərbin məlumat, informasiya köməyi sözsüz ki, olub. Amma Ukraynanın belə bir əməliyyat keçirməsindən düşünürəm ki, Qərbin də xəbəri olmayıb. Nə isə hiss etmiş ola bilərlər, amma nə, necə, nə zaman olacağı haqqında məlumatları olmayıb. Özləri də təsdiq edir ki, bu əməliyyatı bir ildən artıqdır hazırlayıblar, amma məncə, onlar 1 ay ərzində düzgün zamanı seçmək üçün plan qurublar".

A.İsazadənin sözlərinə görə, burada məqam ondan  ibarətdir ki, Rusiya Ukraynaya qarşı hərbi təyyarələrdən istifadə etmək üçün onların yerlərini dəyişirdi.

"Ukrayna isə onu gözləyirdi ki, bu təyyarələr bir yerə toplaşsınlar və zərbəni vursun. Biz bu gün bilirik ki, minimum 5 dənə konteyner var idi və o dronlar konteynerlərlə aerodromların yaxınlığında yerləşdirilmişdi. Minimum 5 konteynerdən informasiya olması kifayət idi və Qərb peyk kəşfiyyatından informasiya gələndə ki, hansı təyyarələr konkret hansı aerodromlarda yerləşib və hətta raketlərlə onlara zərbə vurmağa hazırdır, havaya qalxmağa başlayanda bu əməliyyatı keçiriblərkeçiriblər,".

Hərbi ekspert onu da qeyd etdi ki, əməliyyat keçəndən sonra Rusiya Ukraynaya qarşı ancaq dronlardan istifadə etdi, amma vura bilmədi:

"Çünki zərbə o qədər güclü idi. Rəsmi olaraq 41 təyyarə zərərsizləşdirilib. Bu gün biz konkret olaraq görürük ki, necə 17 təyyarə tam məhv olunub. Düşünürəm ki, digər təyyarələrə də ziyan vurulub. Ukrayna deyir ki, zərərsizləşdirilmiş təyyarələrin sayı 41-dir. 41-dən 17-ni biz görmüşük. Qalanları haqqında isə hələ dəqiq məlumat yoxdur. Bəlkə say çoxalacaq, bəlkə də azalacaq.

Bu əməliyyatdan iştirakçılardan əlavə Zelenski, Kəşfiyyat İdarəsinin rəisi və müavini tam bu kəşfiyyatın mahiyyətindən xəbərdar idilər. İsrail də buna oxşar bir əməliyyat keçirmişdi. Biz o əməliyyata da unikal əməliyyat deyirdik, lakin bu, o əməliyyatdan da unikaldır. Bu, Ukrayna Silahlı Qüvvələrinin böyük nailiyyətidir. Bəlkə də, Ukrayna bu əməliyyatdan birini də hazırlayıb və onu da keçirəcək",- deyə Azad İsazadə vurğuladı. 

Xədicə BAXIŞLI