"Rusiya və Ukrayna uzunmüddətli müharibəyə hazırlaşır" - Politoloq

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açıqlamasında bildirib ki, Rusiya və Ukrayna liderləri Vladimir Putinlə Volodimir Zelenskinin İstanbulda görüşmələrini istəyir. O, həmçinin qeyd edib ki, görüşə ABŞ Prezidenti Donald Tramp da qatıla bilər.
Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında politoloq Samir Hümbətov bildirib ki, Ərdoğanın açıqlaması məlumdur və Türkiyə istəyir ki, Rusiya və Ukrayna arasındakı müharibə bitsin.
"Ən azı birinci mərhələdə danışığa otursunlar, ikinci mərhələ isə o danışıqların detallarına uyğun olaraq sülh əldə olunsun. Amma bu gün faktiki olaraq nə Rusiyanın şərtləri Ukraynanı, nə də Ukraynanın şərtləri Rusiyanı qane edir.
Üstəlik, Qərb ölkələri, yəni xüsusilə Avropa İttifaqı Rusiya-Ukrayna müharibəsində yetkin mövqedə deyil. Hələ bir hissə Ukraynaya dəstək verib, müharibənin taleyini Rusiyadan Ukraynaya keçirməyə çalışır. Bir hissə də fikirləşir ki, Rusiya artıq istədiyini əldə edib.
Qaldı ABŞ-nin münasibətinə, o, tam fərqli yanaşır. Donald Tramp sırf maddi məsələləri fikirləşir ki, oradan gəliri nə olacaq. Bu, onun əsas düşüncəsidir.
Türkiyə isə bölgə üçün sülh istəyir, regionda sakitliyin olmasını arzulayır. Bir yandan da Ukraynanın böyük ərazi itirməsi, bir mənada, Qara dənizə çıxışın bağlanması, Qara dənizin iki böyük dövlətin nəzarətinə keçməsi deməkdir. Bunlardan biri Rusiya, digəri isə Türkiyədir", - deyə o qeyd edib.
Politoloqun fikrincə, bunların hər biri Türkiyənin hesabladığı geostrateji vəziyyətin yekun nəticəsi kimi dəyərləndirilir.
"Ona görə də düşünürəm ki, bu dəqiqə Ərdoğan bunu həqiqətən istəyir. Amma bu istəyə tərəflərin münasibəti necədir? Bildiyimiz kimi, Ukrayna Rusiyanın aviobazasını vurdu və bu, böyük ziyanla nəticələndi. Bundan sonra Rusiyanın münasibəti necə olacaq? Daha aqressivmi olacaq, yoxsa bir az danışıqları düzəldib masaya oturacaqmı? Bunların hamısı vacib nüanslardır.
Amma mənim hesablamama görə, apardığım analitik təhlilin nəticəsində deyirəm ki, müharibənin tezliklə bitmə ehtimalı hələ ki, görsənmir. Bir müddət müharibənin davam edəcəyi gözləniləndir. Həm Rusiya, həm də Ukrayna uzunmüddətli müharibəyə hazırlaşır. Ukrayna artıq yeni müharibə strategiyası seçib, bu da dronlarla savaşın idarə edilməsidir. Məncə, bu da Rusiyanı narahat edən məsələlərdəndir",- deyə Samir Hümbətov vurğuladı
Xədicə BAXIŞLI