"Rusiya üçün daha ağır situasiya yarana bilər"

"İkinci İstanbul görüşü də demək olar ki, nəticəsiz yekunlaşdı. Kremlin tələbləri kifayət qədər ağırdır və həm Ukrayna üçün, həm Qərb siyasi dairələri üçün qəbulolunmaz xarakter daşıyır".
Bu fikirləri Redaktor.az-a politoloq Elçin Xalidbəyli Rusiyanın Ukraynaya 2-3 günlük atəşkəs təklifindən danışarkən bildirdi. Onun sözlərinə görə, Rusiya ilə danışıqlar dalana dirənmiş kimi görünür:
"Ancaq Kreml danışıqların nəticəsi olsa belə, davam etdirilməsində maraqlıdır. Çünki sülh prosesi müəyyən manipulyativ addımlara imkan yarada biləcək prosesdir. Rusiya adətən manipulyativ addımlara önəm verir. Əslində Rusiya doğrudan da sülhə, atəşkəsə meyilli olsaydı, 2-3 günlük atəşkəsə yox, uzunmüddətli atəşkəsə razılaşardı. ABŞ 1 aylıq atəşkəs təklif etsə də, Rusiya bunu qəbul etmədi. Rusiyanın konkret hədəfləri var".
Politoloq qeyd etdi ki, Rusiyanın hədəfləri sülh prosesinə əngəl törədir.
"Rusiya nə ABŞ və Qərbin, nə də Ukraynanın mövqeyini nəzərə almaq istəyir. Rusiyanın şərtləri ilə sülh sazişi hazırlanarsa, bu, Ukrayna tərəfindən qəbul olunmayacaq. ABŞ və Avropa ölkələri hazırda Ukraynanı gücləndirirlər. Ukraynaya uzaqmənzilli hücum silahlarının verilməsi başlamaq üzrədir. Bu alınarsa, Rusiya üçün daha ağır situasiya yarana bilər. Rusiya daha ağır zərbələr almadıqca sülh masasında konstruktiv mövqe tutmaq niyyətində deyil. Ukraynanın Qərbdəki müttəfiqlərinin verəcəyi qərarlar Ukrayna savaşının gələcək taleyi ilə bağlı real situasiyaları ortaya çıxaracaq əsas faktordur", - deyə E.Xalidbəyli bildirdi.
Aytəkin TOFİQQIZI