"Qəzzada analar uşaqlarına süd verə bilmir, böhran getdikcə çətinləşir"

 18:08 03.06.2025     119

HƏMAS Qəzzada atəşkəs təklifini qəbul edib. Yeni təklif vasitəsi ilə iki qrup halında 10 girovun azad edilməsi müqabilində 70 günlük atəşkəs nəzərdə tutulur.

Bəs atəşkəsin əldə olunması münaqişənin gedişatını necə dəyişə bilər?

Redaktor.az-a danışan politoloq Samir Hümbətov bildirdi ki, HƏMAS 10 girov qarşılığında atəşkəsi istəyir:

"İndi nə İsrail, nə də HƏMAS 70 gün ərzində atəşkəsin davam edib-etməyəcəyi mövzusunda qərarlı deyillər. Bəzən qərar verilir ki, atəşkəs olsun, sonra tərəflərdən birinin təxribatı bunu pozur. Həyatını itirənlərin əksəriyyəti mülki vətəndaşlardır".

Siyasi şərhçi Qəzzada vəziyyətin çox ağır olduğunu bildirərək qeyd etdi ki, böhran yüksək səviyyədədir.

"Analar uşaqlarına süd verə bilmir. Böhran getdikcə çətinləşir. Belə olduqda HƏMAS-ın başqa çıxış yolu da yoxdur. İnsan aclıqdan öldü, ya bombadan, hər biri müharibənin nəticəsidir. İstək nə qədər realdır? Özü hələ ki bir sualdır. Kənardan müdaxilə olacaqsa, 70 günlük atəşkəsdən danışmaq real deyil. Humanitar dəhliz açılmalıdır ki, Qəzzaya ərzaq çatdırılsın. Atəşkəs hər şeyi həll etmək demək deyil", - deyə S.Hümbətov bildirdi.

Aytəkin TOFİQQIZI