Rusiya Ukraynada gücdən düşüb - İndi Şimali Koreyaya möhtac qalıb

 18:17 04.06.2025     146

Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu Rusiya Prezidenti Vladimir Putinin tapşırığı ilə Şimali Koreyaya yenidən səfər edib. Ukrayna mənbələrinin məlumatına görə, Sergey Şoyqu Şimali Koreyadan əlavə hərbi qüvvələrin gətirilməsi məsələsini müzakirə etmək üçün Pxenyana yollanıb.

Mövzu ilə bağlı Redaktor.az-a danışan politoloq Asif Nərimanlı bildirdi ki, Rusiyanın Ukrayna müharibəsində Şimali Koreyanın hərbiçilərindən istifadə etməsi faktıdır və bu, artıq təsdiq olunub:

"Daha öncə Putinin Şimali Koreyaya səfərində bu haqda razılaşma əldə edilmişdi. Rusiya Şimali Koreyanın dəstəyinə qarşı iqtisadi dəstək verir. Şoyqunun səfəri və yeni hərbi qüvvələrin cəlb olunması təəccüblü hesab olunmur. Bu, müharibənin gedişində gözlənilən addımlardan idi. İndiki halda Rusiyanın belə addım atması, müharibə meydanında vəziyyəti dəyişdirmək istəməsindən irəli gəlir.

Ukrayna-Rusiya müharibəsində qarşılıqlı hücumlarla yanaşı danışıqlar mərhələsi də başlayıb. Neçə aydır bununla bağlı müəyyən müzakirələr gedir. Son olaraq İstanbulda görüşdülər və növbəti görüşün yenə İstanbulda keçirilməsi ilə bağlı artıq razılaşma var".

 Politoloq qeyd etdi ki, ötən ilin noyabrına qədər vəziyyət daha fərqli idi.

"Ona qədər ABŞ-də Bayden dövründə açıq müharibə gedirdi. Nə danışıqlar, nə də müzakirə yox idi. Yalnız müharibənin ilk mərhələsində İstanbulda danışıqlar keçirilmişdi. Trampın gəlişindən sonra müharibə ilə yanaşı müzakirələr mərhələsi başlayıb. İndiki tərəflərin əsas istəyi güc göstərərək masada üstünlük qazanmaqdır.

Rusiyanın Şimali Koreyadan hərbi dəstək alması, daha böyük hücumun hazırlığından qaynaqlana bilər. Müharibəyə baxdıqda irəliləmə yavaş gedir. Cəbhədə döyüş əvvəlki qədər şiddətli deyil. Danışıqlar vaxtı Rusiyaya əlavə qüvvələr o qədər də lazım olmamalıdır. Bu hücum, Rusiyanın İstanbulda təqdim etdiyi memoranduma daxil olan ərazilərin tutulması ola bilər. Rusiya bir neçə vilayəti tam olaraq istəyir. Mümkündür ki, Rusiya yeni hərbi qüvvə toplayaraq böyük hücum edərək bu ərazilərdə hakimiyyəti əldə etmək niyyətindədir. Əgər Şimali Koreyadan qüvvələr cəlb ediləcəksə, bu, Rusiyanın növbəti hücum hazırlığına başladığı kimi qəbul edilə bilər", - deyə müsahibimiz bildirdi.

Aytəkin TOFİQQIZI