"Bu, Trampın müharibəni dayandıra bilməməsindən sonra aldığı növbəti zərbədir"

 18:02 04.06.2025     197

"Vaşinqtonun Tehranla danışıqlarında İranın nüvə proqramı ilə bağlı irəli sürdüyü şərtlərin ölkəsinin maraqlarına zidd olduğunu bildirən ali dini lider Əli Xamenei Ağ Ev sahibi Donald Trampın adını çəkmədən “Sən kimsən ki, İrana deyirsən nüvə proqramı olsun, ya olmasın” sözləri ilə müraciət edib. Əli Xamanei bununla Tehranın Vaşinqtonla razılaşmanın mümkün olmadığını anladıb. İran Prezidenti Məsud Pezeşkianın ali dini liderin təlimatını yerinə yetirməkdən başqa seçimi yoxdur".

Redaktor.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib. O, bildirib ki, Əli Xamaneinin bu açıqlaması Donald Trampın imicinə zərbədir:

"Çünki, Ağ Ev sahibi Tehranla danışıqlar yolu ilə məsələni həll edəcəyinə ümidli idi. Bu Trampın Rusiya-Ukrayna müharibəsini dayandıra bilməməsindən sonra aldığı növbəti zərbədir. Xamanei danışıqlarla heç nəyin həll olunmayacağını bildirməklə Trampın təkliflərinin üstündən xətt çəkib. Bu gözlənilən idi. Çünki, Tehran və Qum Trampın “İran uran zənginləşdirməməlidir” prinsipini qəbul etməyəcəkdi. Tehranın və Qumun Trampın şərtini qəbul etməsi İranın ABŞ-a təslim olması anlamına gələcəkdi. İrandakı mühafizəkarlar isə təslim olmaq istəmirlər. Mövcud gərginlik İsrailin baş naziri Benyamin Netahyahunun maraqlarına cavab verir. Çünki, Netanyahu hələ Barak Obamanın Prezidentliyi dövtündən Vaşinqtonla Tehran arasında nüvə razılaşmasının əleyhinə olub. Netanyahu Trampı da inandırmağa çalışıb ki, İranla danışıqlar aparmaq əvəzinə, bu ölkənin hərbi mərkəzlərinə zərbələr endirmək lazımdır. Tramp Netanyahuya danışıqların nəticəsini gözləməyi məsləhət bilmişdi. Ancaq Əli Xamanei Trampa nəticənin olmayacağı mesajını göndərib və ali dini lider bununla Netahyahunun işini asanlaşdırıb. Trampa ABŞ-da müxalif olanlar da “Tehranı yola gətirəcəyini deyirdin, nə oldu” sualıyla Ağ Ev sahibini tənqid edəcəklər".

Vasif ƏLİHÜSEYN