"Rusiyanı elə bir vəziyyətə salmaq istəyirlər ki, o, NATO ilə qarşıdurma xəttində yorğun düşsün"

Ukraynanın 1 iyun tarixində Rusiyanın 4 hərbi aviabazasına qarşı həyata keçirdiyi "Tor" kod adlı hücum əməliyyatı müharibənin strateji gedişatında yeni mərhələnin başlanğıcını qoydu. Rusiya tərəfi bu hücuma sərt reaksiya verəcəyini bəyan edib və cavab zərbələrinin qaçılmaz olduğunu vurğulayıb.
Mövzu ilə bağlı Redaktor.az saytına açıqlamasında politoloq Aqşin Kərimov bildirdi ki, Ukraynanın Rusiyanın 4 aviabazasındakı strateji bombardmançı təyyarələri sıradan çıxarması Moskvanın müharibədəki imkanlarını zəiflətmək baxımından önəmlidir:
"Ehtimal edirəm ki, bu kəşfiyyat planı NATO-nun kəşfiyat qərargahlarında hazırlanıb və müharibədə mümkün genişmiqyaslı eskalasiya ssenarisində Rusiyaya qarşı tutarlı bir həmlənin başlanğıcıdır. Yəni, Rusiyanı elə bir vəziyyətə salmaq istəyirlər ki, o, NATO ilə qarşıdurma xəttində yorğun düşsün.
Bununla belə, Ukrayna öz ərazilərindəki Rusiyanın nəzarət zonaları üzrə xətləri dəyişdirə bilmir. Ukraynanın müasir, qabaqcıl texnoloji və müdafiə imkanlarını səfərbər etməsi də Rusiyanın tutduğu ərazilərdə əhəmiyyətli bir dəyişiklik yaratmır. Şübhə yoxdur ki, Rusiya müharibə kampaniyasına haqq qazandırmaq üçün Ukraynanın son həmləsinə cavab olaraq yeni hücum strategiyası hazırlayacaq. Əgər Ukrayna ikinci dəfə eyni motivli əməliyyat keçirsə, Rusiyanın nüvə ritorikası sərtləşəcək və o, ilk növbədə taktiki nüvə silahlarından istfadəyə dair çağırışları gündəmə gətirəcək. Hərçənd ki, Rusiya nüvə silahının istifadəsini indilik səmərəsiz hesab edir. Çünki mümkün nüvə eskalasiyası NATO və Rusiya üçün əlverişsiz variantlar təqdim edir".
Politoloqun fikrincə, Rusiya taktiki nüvə silahlarını yalnız Ukrayna ərazisində istifadə etsə, NATO buna səssiz qalacaq, lakin hücum Alyans üzvlərindən birinə olsa, onda kollektiv əks-hücum əməliyyatı baş tutacaq.
"Rusiyanın da buna necə tab gətirəcəyi suallar doğurur. Ancaq hazırkı situasiya üçün nüvə silahı daha çox qorxutma və çəkindirmə aktı kimi qiymətləndirilir. Onun praktiki tətbiqi isə yəqin ki, məqsədəuyğun hesab edilmir. Hesab edirəm ki, hazırda Rusiya mövcud əməliyyat xətləri üzrə cavablarını sərtləşdirə bilər. Yəni, aviazərbələr, raket zərbələrinin sayı və xarakteri güclənə bilər",-deyə Aqşin Kərimov vurğuladı.
Xədicə BAXIŞLI