"Ermənistanla yumşaq danışaraq nəticə almaq çətin məsələdir"- AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Azərbaycanın və Ermənistanın itkin düşmüş şəxslər üzrə dövlət komissiyalarının nümayəndələri arasında növbəti görüş keçirilib və keçirilən görüşdə humanitar məsələlər müzakirə olunub.
Bu kimi görüşlər sülh sazişinin imzalanması prosesini tezləşdirə bilərmi?
Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında politoloq Samir Hümbətov bildirdi ki, ölkəmiz 30 il ərzində sülh məsələsində Ermənistanla danışıqlar apardı, amma nəticə ala bilmədi:
"Sonda müharibə etdik və qazandıq. Belə çıxır ki, Ermənistanla yumşaq danışaraq nəticə almaq çətin məsələdir. Demirəm ki, müharibə edək, heç bunun tərəfdarı da deyiləm. Amma bizim hər görüşümüz, humanitar məsələlər belə olsa, irəliyə bir addım olacağını biləcək qədər sadəlövh də deyiləm. Yəni vəziyyət o deyil.
Ermənistan özbaşına olsa, bəlkə danışıqlar aparıb, razılıq əldə etmək olar. Məsələnin dərin tərəfi odur ki, Ermənistan özbaşına qərar verə bilmir. Ermənistan qərar verəcəksə, onu Fransa ilə, başqa ölkələrlə danışıb razılığa gəlməlidir. Ermənistana ağıl öyrədənlər çoxdur.
Ona görə də biz görüşürük. Düzdür, biz razılıq istəyirik. Ermənistanın da bu istəyi var, ancaq Ermənistan özü belə nəticə ala bilmir ondan. Çünki Ermənistan daxilində fikir ayrılıqları mövcuddur. Yəni kilsə hökumətin işinə qarışır, hökumət də kilsənin işinə qarışır".
Siyasi şərhçi qeyd etdi ki, humanitar məsələlərlə bəlkə də hansısa razılaşma edə bilərik, amma əsas məsələyə gələndə sülhdən danışmaq hələ ki, mümkün görünmür.
"Deyə bilərsiniz ki, 17 maddəlik razılaşma əldə olunub. Ermənistan niyə onu etmir? Deməli ki, Ermənistanın ixtiyarı özündə deyil.
Ona görə də bizim Ermənistanla razılaşmanı düşünməyimiz bir az çətin məsələdir. İnandırıcı görünmür. Biz istəsək belə, bunu edə bilməyəcəyik. Bu iş uzanacaq.
Hə, başqa məsələ: nə vaxt ki, Ermənistanda mövcud hökumət ortaq razılığa gələcək, onda biz nəticə alacağıq. İndi mən bunu gözləmirəm və bu mövzuda da optimist ola bilmirəm. Təcrübə mənə bunu göstərir. Gələcəkdə razılaşmaya uyğun addım atılsa, bu mümkün görünəcək", - deyə Samir Hümbətov vurğuladı
Xədicə BAXIŞLI