"Fransa öz erməni tərəfdaşlarına o qədər "aşiq olub" ki..." - Jalə Əliyeva

 19:46 05.06.2025     199

"Ötən gün Fransanın Ermənistanda Qafan rayonunda, Zəngəzur ərazisində, tarixi Azərbaycan torpaqları olan Zəngəzur ərazisində konsulluq açması, əlbəttə ki, bir daha həm bu ölkənin, həm də Ermənistanın bölgədəki maraqlarını, gizli niyyətlərini ortaya qoyur".

Bu fikirləri Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Jalə Əliyeva Fransanın Ermənistanda açdığı konsulluqla bağlı fikirlərini bölüşərkən dedi.

"Bir qayda olaraq, konsulluqlar ölkənin digər ölkədə yaşayan, təhsil alan vətəndaşların sayına uyğun olaraq, onlara konsulluq xidməti göstərilməsi üçün açılır və həmin ölkədə bu ölkənin səfirliyi varsa, səfirliklə açılacaq olan konsulluğun arasındakı məsafə bir o qədər çox deyilsə, eyni zamanda oradakı vətəndaş sayı konsulluğu açılan ölkənin vətəndaşı çox deyilsə, buna gərək qalmır. Birbaşa vətəndaşlar paytaxtdakı səfirliyə müraciət edərək öz problemlərini deyə bilirlər.

Yəni buradan da göründüyü kimi, həmin ərazidə Fransanın bir o qədər çox sayda vətəndaşı yoxdur ki, konsulluğun açılmasına bir lüzum olmuş olsun. Digər tərəfdən, iqtisadi göstəricilərdən danışarıqsa, əslində konsulluq siyasi bir subyekt deyil. Daha çox vizaları, gediş-gəlişləri həll edən bir qurumdur. Yəni səfirlik qədər geniş fəaliyyət göstərən bir müəssisə deyil. Yəni burada iqtisadiyyatdan da söhbət gedə bilməz", - deyə millət vəkili vurğuladı.

Jalə Əliyeva qeyd etdi ki, müqavilələr, əlaqələr, yatırımlar baxımından dəyərləndirmək istəyiblərsə, bunlarda da konsulluq açılması üçün heç bir amil yoxdur.

"Yəni, bütün tərəflərinə baxanda görürük ki, burada yalnız siyasi ambisiyalar var, qərəz var, bölgəni nəzarətdə saxlama istəyi var və yenə də Azərbaycanın böyük zəfərindən sonrakı böyük uğurlarından, Azərbaycanın bölgədə artan nüfuzundan təşvişə düşənlər var.

Həm də Fransa burada o qədər aludə olub ki, öz erməni tərəfdaşlarına o qədər "aşiq olub" ki, bunlar hətta bölgədə Rusiyanın mövqeyini pərdəarxasına alır. Rusiyanın maraqlarını nəzərə almamağa başlayır. Burada özünün pərdəarxası niyyətlərini həyata keçirməyə çalışır.

Bu qərar və atılan addım demək olar ki, bayaq sadaladığım aspektlərin heç birinə cavab vermir. Konsulluq açmaq üçün Fransanın əlində demək olar ki, amil yoxdur. Ancaq və ancaq öz mövqeyini təlqin etmək, Ermənistanın yanında olduğunu sanki nümayiş etdirərək hansısa hədəflərinə nail olmaq istəyini güdür. Amma bunlar hər zaman olduğu kimi yanlışdır. Hər zamankı kimi yenə yanlış yoldadırlar. Bölgədə atdıqları hər yanlış qərarda qarşılarında güclü Azərbaycan, güclü Azərbaycanın dönməz iradəsi və dəmir yumruğu dayanır. Bunu unutmamaları çox yaxşı olardı",- deyə deputat bildirdi.

Xədicə BAXIŞLI