"Putin Trampı barmağına dolayıb"- AÇIQLAMA

"Putin Trampı barmağına dolayıb. Artıq Tramp ilə Putin arasında 3-cü dəfədir ki, danışıqlar olur, amma müharibənin dayandırılması ilə bağlı heç bir addım atılmır. Putin məsələni uzadır, hər şeyi Ukraynanın üzərinə atır".
Bu fikirləri Redaktor.az-a açıqlamasında politoloq Elşad Həsənov ABŞ Prezidenti Donald Trampın Rusiya lideri Vladimir Putinlə sonuncu telefon danışığını şərh edərkən bildirdi.
"Bu gün NATO ölkələrinin nümayəndələri yığışıb ciddi müzakirələr aparırlar. Ola bilsin ki, onlar Ukraynaya daha böyük həcmdə silah-sursat köməkliyi göstərəcəklər. Hesab edirəm ki, Tramp da daxildəki, yəni ABŞ-dəki senatorlara tab gətirə bilməyəcək və nəhayət, o, Rusiyaya qarşı ciddi sanksiyaların qəbul olunmasına imza atacaq.
Çünki indiyə qədər məhz elə Trampın sayəsində Putin yenidən hegemonluq edib, hücumlar etməyə başladı. Bu da bütün dünyanın gözü qarşısında baş verib. Trampın apardığı bu siyasətə qarşı həm Avropa liderlərinin, həm də digər ölkələrin liderləri kəskin etirazını bildirirlər.
Eyni zamanda, onun apardığı bu siyasət həm də daxildə bəyənilmir. Ona qarşı çox narazılıqlar var. Onun Fələstində apardığı qırğınlara görə, Trampın Rusiyada açıq apardığı bu siyasətə görə ABŞ-nin 1200-dən çox ərazisində etiraz mitinqləri oldu.
Bütün bunlar təbii ki, təsir göstərir ki, Zelenskiyə diktator, Putinə "yaxşı oğlan" deyən, sonradan fikrini dəyişib Putin üçün "başı xarab olub, nə etdiyini bilmir" deməsi siyasi ziddiyyətlərin nəticəsidir", - deyə o qeyd etdi.
Politoloq bildirdi ki, Avropa ölkələrində Trampın Rusiyanın agenti olması ilə bağlı ciddi yazılar və yoxlamalar gedir və Tramp Rusiyaya tərəf durmaqla özünü ifşa edir.
"Ona görə hesab edirəm ki, yaxın zamanlarda əgər Tramp öz siyasətini dəyişməsə, Amerikada ona qarşı ciddi çıxışlar olacaq, senatorların Rusiyaya qarşı hazırladığı sanksiyalar qəbul olunacaq – Trampın vetosuna baxmayaraq.
Bundan sonra da düşünürəm ki, Tramp hakimiyyətdə qalmaq üçün çalışacaq, amma buna nail ola bilməyəcək. Çünki həm respublikaçılar, həm də demokratlar Rusiyanın apardığı siyasətə qarşıdırlar. Onlar Ukraynada mülki əhalinin qırılmasına qarşı ayağa qalxıblar.
Bununla da Trampla Putinin danışıqları nəticə vermir, Putin danışıqları dayandırmır. Ona görə də bu danışıqlar əbəsdir. Digər tərəfdən də, Rusiya Trampla olan ikinci danışığından və İstanbulda olan görüşdən sonra Ukraynaya qarşı daha da aqressivləşdi. Ukraynanı bombardman edib, raket hücumları edirlər.
Məncə, Tramp artıq Rusiyaya qarşı sanksiyalar tətbiq edəcək. Əks halda hakimiyyətdə qalması mümkünsüz olacaq",- deyə Elşad Həsənov qeyd etdi.
Xədicə BAXIŞLI