"Tehran hakimiyyəti arxasında dayanan böyük güclər artıq ABŞ ilə müəyyən məsələlərdə razılaşırlar"

ABŞ ilə İran arasında keçiriləcək danışıqların altıncı raundu iyunun 15-nə planlaşdırılıb. Bu danışıqların başlıca mövzusu, xüsusilə İranın nüvə proqramı və onunla əlaqəli məsələlər olacaq. ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun mümkün uranın zənginləşdirilməsindən imtina etmək istəmədiyini və buna görə də Tehran ilə razılaşmaya hələlik yanaşmadığını bildirib. İranın ali dini lideri Seyid Əli Xamenei isə Vaşinqtonun şərtlərinin ölkənin maraqlarına zidd olduğunu vurğulayıb.
Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında politoloq Sədrəddin Soltan bildirdi ki, tərəflər artıq 6-cı dəfə görüşməyə hazırlaşır və əgər nəticə əldə edilməsəydi, tərəflər elə birinci dəfədən prosesi dayandırardılar:
"Ehtimal edirəm ki, ictimaiyyət üçün açıqlanmasa belə, tərəflər arasında İranın nüvə proqramı və bu məsələ ilə bağlı İrana tətbiq olunan sanksiyalarla bağlı müəyyən razılaşmalar var. Bu razılaşmalar hələ yekun qərara, yekun sənəd formasına çatmasa belə, tərəflərin mütəxəssisləri işləyir və onun detallarını hazırlayırlar. Çünki görüş adi mütəxəssislər səviyyəsində deyil, hər iki ölkənin yüksək səviyyəli diplomatik heyəti arasında keçirilir. Ona görə də bu görüşün əhəmiyyəti və bu görüşlərin davamlı olacağı ehtimalı daha çoxdur".
Politoloqun fikrincə, tərəflərin bu müddət ərzində bir-birinə qarşı hərbi ritorikadan istifadə etməsinin səbəbi isə çəkindirmə xarakteri daşıyır.
"Fikrimcə, bu görüşdən sonra növbəti görüşlər keçiriləcək. Çünki növbəti görüşlərin keçirilməsi, bu, birbaşa olmayan görüşlərin perspektivdə birbaşa görüşlər, danışıqlar səviyyəsinə gətirib çıxarılmasına hədəflənib. Çünki Tehran hakimiyyəti yaxşı bilir ki, danışıqlar aparıb, görüşlər keçirməkdən başqa bir yol yoxdur. Tehran hakimiyyəti arxasında dayanan böyük güclər belə artıq ABŞ ilə müəyyən məsələlərdə razılaşırlar",- deyə Sədrəddin Soltan vurğuladı.
Xədicə BAXIŞLI