"Bu narazılıqlar Ağ Evin dəhlizlərində yumruq davasına qədər inkişaf edib" - AÇIQLAMA

Milyarder İlon Maskla ABŞ Prezidenti Donald Tramp arasında qarşıdurma səngimək bilmir.
Tərəflər arasında gərginliyin əsas yaranma səbəbi nədir? İlon Mask və Donald Tramp arasındakı gərginlik hansı həddə qədər çata bilər?
Mövzu ilə bağlı Redaktor.az-a danışan politoloq Elçin Xalidbəyli bildirdi ki, İlon Mask və Donald Tramp arasındakı qarşıdurma şəxsi, siyasi, iqtisadi maraqlardan qaynaqlanır.
"Çünki İlon Mask dünyanın ən nəhəng biznes adamlarından biridir. Eyni zamanda ABŞ Prezidenti Donald Tramp da biznes adamıdır. Trampın qəbul etdiyi bəzi qərarlar, eyni zamanda İlon Maskın atdığı bəzi addımlar bir-biri ilə kəskin ziddiyyətlər təşkil edirdi. Son vaxtlar İlon Maskın atdığı addımlar, dövlət qurumlarının effektivliyi ilə bağlı verdiyi təkliflər və qərarlar Tramp administrasiyası daxilində də ciddi narazılıqla qarşılanırdı. Bəzi məlumatlara görə, bu narazılıqlar Ağ Evin dəhlizlərində yumruq davasına qədər inkişaf edib. Tramp administrasiyasında nazir postunu tutan şəxslərdən biri İlon Mask ilə yumruqlaşmaya qədər qarşıdurma yaşayıb".
Politoloq qeyd etdi ki, İlon Maskın Tramp administrasiyası ilə münasibəti olduqca kəskinləşib.
"Artıq onu tutduğu vəzifədən də uzaqlaşdırıblar. Münasibətlər yenə də şəxsi maraqlar üzərində fokuslanmış olacaq. Əgər İlon Mask vaxtilə Respublikaçılar Partiyasını maliyyələşdirdiyi kimi bu dəfə də Demokratlar Partiyasını maliyyələşdirmək niyyətinə düşərsə, o zaman Tramp ilə Mask arasındakı savaş daha da intensivləşə bilər. Bu barədə Maska açıq şəkildə məlumat verilib. Gərginliyin inkişaf etmək ehtimalı da var. Eyni zamanda Trampın və Maskın təmsilçiləri arasında danışıqların getməsi məlumatı da var. Bu danışıqlardan çox şey asılıdır. Razılaşma əldə edilərsə, sabitlik hökm sürə bilər. Ağ Ev üçün Tramp və Mask məsələsi ciddi problem yarada bilər. Yaxın zamanlarda ABŞ siyasi məkanında olduqca ciddi böhran yaranması gözlənilməz olmayacaq", - deyə müsahibimiz bildirdi.
Aytəkin TOFİQQIZI