"Onun Azərbaycana girişi qadağan edilməlidir"

 19:21 10.06.2025     160

Xəbər verdiyimiz kimi, Rusiya Prezidenti Vladimir Putinin köməkçisi Vladimir Medinski Qarabağı “mübahisəli ərazi” kimi təqdim edib.

Redaktor.az-a danışan politoloq Zeynal Əmrəliyev bildirdi ki, Vladimir Medinski uzun müddət Rusiyanın mədəniyyət naziri vəzifəsində çalışmış şəxsdir:

"Tarix şurasına rəhbərlik edib və region haqqında kifayət qədər məlumatlı şəxsdir. Rusiya siyasətində ideoloq kimi tanınır. Belə açıqlama verməsi əslində bir növ Kremlin ideoloji qanadının mövqeyini əks etdirən məsələdir. Şübhəsiz ki, bu, Azərbaycan–Rusiya münasibətlərinə ciddi təsir göstərəcək amildir. Bu məsələlərdə Moskva ehtiyatlı olmalıdır. Prezident köməkçisinin belə açıqlama verməsi münasibətlərin normallaşması prosesinə ciddi əngəl törədir. Xüsusən nəzərə alaq ki, təyyarə hadisəsindən sonra rəsmi Moskvanın sərgilədiyi mövqeyə görə hal-hazırda Azərbaycana münasibətlərdə soyuqluq müşahidə edilir. Münasibətlərin yaxşılaşması üçün addım atmaq əvəzinə Rusiya rəsmilərinin belə açıqlama verməsi Azərbaycanda böyük təəssüf doğurur".

Politoloqun sözlərinə görə, belə vəziyyətlərdən itirən Moskva olacaq.

"Ukrayna–Rusiya müharibəsi başlayandan dünyada Rusiyaya qarşı mənfi münasibət var. Rusiya özünə yaxın olan ölkələrlə münasibətləri yaxşılaşdırmalıdır. Qarabağın Azərbaycan ərazisi kimi tanınması barədə Rusiya rəsmilərinin açıqlamaları olub. Rusiya regiondakı reallığı artıq qəbul edir. Medinskinin açıqlamaları prezidentinə qarşı hörmətsizlikdir. Rusiya dövləti bu şəxsi cəzalandırmalıdır. Düşünürəm ki, Azərbaycanda da onunla bağlı qərar qəbul edilməlidir. Onun Azərbaycana girişi qadağan edilməlidir. Rusiya necə ki, azərbaycanlı deputata elə reaksiya göstərdi", - deyə müsahibimiz bildirdi.

Aytəkin TOFİQQIZI