"Azərbaycan Ermənistanın yalançı sülhpərvərliyini qəbul etməyəcək" - Tofiq Zülfüqarov

 19:03 10.06.2025     172

"Ermənistanın sərhədlərin açılmasına hazır olub-olmaması əsas məsələ deyil. Burada əsas məsələ odur ki, biz bunu istəməliyik".

Bu fikirləri Redaktor.az-a açıqlamasında keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov Ermənistan Dövlət Gəlirlər Komitəsinin sədri Eduard Akopyanın "Türkiyə və Azərbaycanla sərhədlərin açılması halında bütün ssenarilərə hazırıq" fikrini şərh edərkən bildirdi.

"Söhbət ondan gedir ki, Ermənistan Azərbaycana qarşı işğalçı siyasəti uzun müddət ərzində həyata keçirib. Bu baxımdan, hərbi işğalın qalıqlarını aradan götürmək üçün bəzi məsələlərdə həll yolu axtarılır. Biz görürük ki, hərbi məsələlərin əksəriyyəti öz həllini tapıb. Fəsadlar da əməliyyatlar nəticəsində aradan götürülür. Fəsadlar həm iqtisadiyyatda, həm də kommunikasiyalarda hələ də qalmaqdadır. Hüquq baxımından da bəzi problemlər öz həllini tapıb".

Keçmiş nazir qeyd etdi ki, Azərbaycan Ermənistandan gözləyir ki, öz sülh siyasətində və bu məsələdə israrlı olmasını sübut etsin.

"Cənab Prezident də demişdi ki, top onların tərəfindədir. Onlar konstitusiyanı dəyişməlidirlər və digər addımlar atılmalıdır. Bundan sonra kommunikasiyaların bərpası mümkün olacaq. Yoxsa onlar hər dəfə deyirlər ki, biz hazırıq. Siz hazır ola bilərsiniz, amma siz işğalçı siyasətin nəticələrini aradan götürməmiş Azərbaycan təbii ki, sizin yalançı sülhpərvərliyinizi qəbul etməyəcək",- deyə Tofiq Zülfüqarov vurğuladı.

Xədicə BAXIŞLI