"Rusiya 3 ildir Ukrayna ilə bacara bilmir, 30 NATO ölkəsi ilə necə bacarsın?" - AÇIQLAMA 

 19:33 10.06.2025     242

"Rusiya 3 ildir Ukrayna ilə bacara bilmir. 30 NATO ölkəsi ilə bacara bilməsi mümkünsüzdür".

Bu  fikirləri Redaktor.az-a açıqlamasında politoloq Samir Hümbətov NATO Baş katibi Mark Ruttenin "NATO 3-5 il ərzində Rusiya ilə münaqişəyə hazırlaşmaq niyyətindədir" bəyanatını şərh edərkən bildirdi.

"Digər tərəfdən bu fikirlər ortaya çıxanda biz adətən güc balansını analiz edirik. NATO-nun qoşununun sayı 5 milyona yaxındır. Rusiyanın isə 1.7–1.8 milyon arasında dəyişir. Səfərbərlik etsə, 3 milyona çıxar, amma onun təchizatını tam ödəyə bilmir. NATO-nun ümumi balansı, büdcəsi ümumi götürdükdə 1 trilyonun üzərindədir. Hələ bunu da artırmağa çalışırlar. 5% də artırsalar, 1.2 trilyona qədər qalxa bilir.

Burada NATO-ya daxil olan dövlətlərin müdafiə xərcləri NATO-nun müdafiə xərci sayılır. Elə Amerikanın özü 8 milyarddan çox müdafiə xərci ayırır. Bu, məncə, kifayət qədər böyük rəqəmdir.

Qaldı ki, silah-sursat və hərbi texnikaya, NATO-nun gücü - söhbət Türkiyə, ABŞ, Fransa, Böyük Britaniya, Almaniya və digər ölkələrdən gedir, - kifayət qədər üstündür. Bura kiçik Avropa dövlətlərini qatmıram. Bunlar NATO üçün arabanın beşinci təkəri sayılır. Söhbət böyük dövlətlərdən və onların istehsal etdikləri silahlardan gedir ki, bu, Rusiyanın mövcud istehsal etdiyi silahlardan ən azı 2–3 dəfə daha keyfiyyətli, daha müasir formadadır. Bunların hamısını nəzərə alanda vəziyyət bizim üçün bəlli olur".

Politoloq qeyd etdi ki, Rusiya özü hücum etməyəcək, amma Qərb dövlətləri Rusiya-Ukrayna müharibəsinin gedişatına baxacaq və əgər Ukrayna məğlub olma durumuna gələcəksə, o zaman Rusiyanı yeni bir müharibəyə təhrik edə bilərlər.

"Rusiyanın özü başa düşür ki, müharibəyə girsə, sağ çıxmayacaq. Rusiyanın əlində potensial nüvə silahından başqa nəyi var ki, Rusiya onunla döyüşsün? Onun qarşısında ABŞ-nin F-22-ləri, F-35-ləri var. Rusiyanın buna gücü çatmaz.

Yeri gələndə NATO da Rusiyanı yıxmaq istəmir. Geopolitik baxımdan baxanda, Rusiyanın parçalanması Qərb ölkələrinə sərf etmir. Çünki onlar üçün Çin təhdidi yaranmış olacaq. Çin isə Rusiyanın ərazilərini götürə bilər. Ona görə də bu fikir zaman-zaman meydana gələ bilər.

Amma mən düşünürəm ki, bu hibrid müharibədir, informasiya savaşının tərkib hissəsidir. Düşünürəm ki, belə bir vəziyyətdə NATO ilə Rusiyanın qabaq-qabağa gəlib müharibə edəcəyini düşünmək reallıqdan uzaq olar",- deyə Samir Hümbətov vurğuladı.

Xədicə BAXIŞLI