"Günahkarları cəzalandırmayan Kreml hələ bizdən Ukraynanın işğalını tanımamızı istəyir"

"Rusiyanın “RİA Novosti” agentliyinin “Moskva Bakının Rusiyanın yeni regionları və Krımı tanımasına ümid edir” xəbəri Kreml sahibinin köməkçisi Vladimir Medinskinin son müsahibəsində Qarabağı “mübahisəli ərazi” kimi adlandırmasının təsadüfi, yəni dil sürüşməsi olmadığını göstərir. Rusiyanın dövlət agentliyinin bu xəbəri adının çəkilməsini istəməyən mənbəyə istinadən yayılıb".
Redaktor.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib. Onun sözlərinə görə, həmin mənbənin Kremldən olduğu aşkardır. Kremlin “RİA Novosti” vasitəsilə Bakıya göndərdiyi mesajı belə oxumaq lazımdır:
“Azərbaycanın Rusiyanın Ukraynadan qopardığı bölgələri, o cümlədən Krımı Rusiya ərazisi kimi tanımasını istəyirik”. Ötən ilin dekabrında Rusiya səmasında Azərbaycanın mülki təyyarəsini raketlə vurduğuna və vətəndaşlarımızı öldürdüyünə görə Azərbaycandan üzr istəməyən, günahkarları cəzalandırmayan Kreml hələ bizdən Ukraynanın işğalını tanımamızı istəyir. Bu heç zaman mümkün olmayacaq. Belə olan halda Kremlin və rusiyalı rəsmilərdən, deputatlardan və diplomatlardan Azərbaycana münasibətdə əvvəlkitək təxribatlar gözləməliyik. Maraqlıdır, Kreml bu “istəyini” ilk dəfə Azərbaycanın adını çəkərək səsləndirib. Kreml eyni istəyinin yerinə yetirilməsini strateji tərəfdaş adlandırdığı dövlətlərdən, o cümlədən Çindən də gözləyirmi? Kreml Kollektiv Təhlüksəzilik Müqaviləsi Təşkilatı və Avrasiya İqtisadi Birliyi üzvlərindən də Krımı Rusiya ərazisi kimi tanımasını istəyirmi? Başqalarını bilmirəm, Azərbaycan Xarici İşlər Nazirliyi “RİA Novosti”nin təxribatçı xəbərini cavabsız qoymamalıdır".
Vasif ƏLİHÜSEYN