"Medinski əslində anti-Paşinyan qüvvələrini gücləndirmək məqsədilə belə bir açıqlama ilə çıxış edib"

 20:57 11.06.2025     153

Rusiya Prezidentinin köməkçisi Vladimir Medinski açıqlamasında Qarabağı “mübahisəli ərazi” kimi təqdim edib. Bir neçə həftə öncə isə Rusiya xarici işlər naziri Sergey Lavrov Ermənistana səfər etmişdi.

Verilən açıqlama və edilən səfər bir-biri ilə əlaqəlidirmi?

Redaktor.az-a danışan Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat xidmətinin rəhbəri, politoloq Əziz Əlibəyli bildirdi ki, Medisnkinin açıqlaması və Lavrovun Ermənistan səfəri bilavasitə əlaqəlidir.

"Medinski əslində anti-Paşinyan qüvvələrini gücləndirmək məqsədilə belə bir açıqlama ilə çıxış edib. Açıqlama Qarabağdan köçən erməniləri, revanşistləri, separatçıları, kilsəni diri tutmağa əsaslanır. Bunu vahid cəbhə halına gətirib Ermənistanın hakimiyyətinə qarşı istifadə etməyə çalışacaqlar. Bu, məsələnin ilk tərəfidir. Qarabağın “mübahisəli ərazi” kimi göstərilməsi ilə bağlı üzrxaqlıq etdilər, amma Azərbaycan tərəfi çox sərt mövqe ortaya qoydu. Bildirildi ki, Azərbaycan ərazilərini bu qədər şübhə altına almaq olmaz. Separatizmə dəstək olan ölkə Rusiyanın özü idi. Bunu unutmaq lazım deyil. Hansı ki, həmin ölkə hazırda savaş aparır və başqa ölkənin ərazilərini işğal edir", - deyə o, fikrini yekunlaşdırdı.

Aytəkin TOFİQQIZI