"Anlayırlar ki, sanksiyalar Rusiyanı tam şəkildə çökdürmək gücündə deyil"

"Avropa İttifaqı bütövlükdə Rusiyaya qarşı sanksiyalar məsələsində ehtiyatlı mövqe sərgiləyir. Bunun əsas səbəblərindən biri, Aİ-nin enerji sahəsində Rusiyadan yüksək səviyyədə asılı olmasıdır".
Bu fikirləri Redaktor.az-a açıqlamasında politoloq Tural İsmayılov Avropa İttifaqının yeni sanksiyalar paketinə Rusiyanın atom layihəsini daxil etməməsini şərh edərkən bildirdi.
"Belə bir vəziyyətdə Avropa İttifaqının Rusiyaya qarşı daha sərt və təsirli sanksiyalar tətbiq etməsi müəyyən məhdudiyyətlərlə üzləşir. Söhbət təkcə siyasi yox, iqtisadi baxımdan da ciddi nəticələr doğura biləcək addımlardan gedir.
Hərçənd ki, Avropa İttifaqı sanksiyaların əhatə dairəsini tam şəkildə genişləndirməsə də, gündəmdə olan məhdudiyyətlərin mahiyyət etibarilə Rusiyanın iqtisadiyyatına təsir göstərməsi nəzərdə tutulur. Buna baxmayaraq, həm Avropa İttifaqı, həm də Rusiya anlayır ki, mövcud şərtlər daxilində tətbiq olunan bu sanksiyalar Rusiyanın iqtisadi və siyasi dayaqlarını tam şəkildə çökdürmək gücündə deyil.
Məhz bu reallığı nəzərə alan tərəflər - Aİ və Rusiya hazırkı sanksiya siyasətinə qarşılıqlı şəkildə "idarəolunan münasibət" sərgiləyir, yəni vəziyyəti daha da kəskinləşdirmədən status-kvonu qorumağa çalışırlar", - deyə siyasi şərhçi vurğuladı.
Xədicə BAXIŞLI