"İsrailin İrana mümkün hücumu Trampın xarici siyasətinin fiaskosudur"

"ABŞ və İran arasında aparılan nüvə danışıqları razılaşma əldə edilmir. Xüsusilə, İranın Ali dini rəhbəri Xamenei Trampla hər hansı bir müqavilənin bağlanmasını mənasız adlandırıb. İran öz mövqeyindən geri çəkilmir. Hətta şərt kimi İsrailin də nüvə silahından istifadə edilməsinə qadağa qoyulmasını irəli sürüb. Belə olan təqdirdə tərəflər arasında mümkün razılaşmalar əldə edilməsi çətin görünür. İran dinc nüvə araşdırmalarından əl çəkməyəcəyini bəyan edir. Bunu elmi tədqiqat olduğunu və ölkəsinin inkişafı istiqamətində edəcəyini vurğulayır. ABŞ isə, həm ballistik raketlərdən həm də dinc nüvə proqramından imtina etməyi tələb edir. İki tərəfin mövqeyi bir-birinə ziddir olaraq qalır. ABŞ İranın onun şərtlərini qəbul etmədiyi üçün İrana qarşı İsrail faktorundan istifadə etməyə başlayır. İsrail vasitəsilə İrana öz tələblərini qəbul etdirməyə çalışır".
Redaktor.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib. Onun sözlərinə görə, İsrail ABŞ-İran danışıqlarına əvvəldən əleyhinə olub:
"Məhz 2017-ci ildə Tramp İsrailin istəyi ilə İranla əldə olunan "Hərtərəfli nüvə" sazişindən birtərəfli şəkildə çıxdı. ABŞ ilə İran arasında yenidən başlanan nüvə danışıqlarına İsrail etiraz edirdi. Tramp çalışırdi ki, danışıqlar yolu ilə İranla münasibətləri normallaşdırsın. Və nüvə proqramından imtina edilməsinə nail olsun. Amma, İran öz maksimalist şərtlərindən əl çəkmədi.
Artıq ABŞ, İsrailə İrana qarşı mümkün "cərrahi" əməliyyatlara icazə verib. Bununla D. Tramp İranı güzəştə getməyə məcbur etməyi planlaşdırır. Halbuki, İran ABŞ üçün təhdid deyil. ABŞ üçün strateji təhdid Rusiyadir. Amma, ABŞ prezidenti Rusiyanın güclənməsi üçün "yaşıl" işıq yandırıb. Tramp Rusiyanın Ukraynada qalib gəlməsi üçün əlindən gələni edir. Əgər, Rusiya Ukraynada qalib gələrsə, bu Trampın siyasi fiaskosu və ABŞ fövqəldövlət statusunun ləğvi demək olacaq. Bu gün ABŞ üçün əsas təhdid məhz Rusiyadır.
Əgər, İsrail İranın nüvə mərkəzlərinə qarşı hərbi əməliyyatlar keçirsə, İran assimetrik cavab verəcək. Hörmüz boğazını bağlayacaq. ABŞ-nin hərbi bazalarına hücumlar təşkil olunacaq. Bundan əlavə, Yeməndə Husilər ABŞ hərbi bazalarına və İsrailə qarşı raket atışlarına başlayacaq
İranın küncə sıxışdırmaq və nüvə proqramından əl çəkdirmək üçün başlanan müharibə Trampın uğursuz siyasəti və Rusiyanın maraqlarına xidmətin əsas hissəsidir".
Vasif ƏLİHÜSEYN