"İran İsrailə qarşı əsas zərbələrini ballistik raketlərlə icra edəcək" - AÇIQLAMA

 16:42 12.06.2025     98

İranın hərbi və siyasi rəsmiləri İsrail tərəfindən hücum olacağı təqdirdə cavab tədbirlərinin necə olacağı haqda müzakirələr aparıblar. Məlumata görə İslam Respublikası yüzlərlə ballistik raketdən istifadə edərək yəhudi dövlətinin ərazisinə dərhal əks-zərbə etdirməyi nəzərdə tutan cavab planı hazırlayıb.

Tərəflər arasındakı gərginlik müharibə ilə bitə bilərmi?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında politoloq Zeynal Əmrəliyev bildirdi ki, İran son zamanlarda ballistik raket məsələsini çox aktuallaşdırıb:

"Keçən il baş verən İran-İsrail müharibələrindən sonra artıq İran tərəfi yaxşı başa düşdü ki, ballistik raket məsələsinə diqqət artırmaq lazımdır. Çünki İranın 2024-cü il müharibəsində İsrailə vurduğu ən böyük zərbələr məhz ballistik raketlərlə bağlı oldu. Böyük ehtimalla gözlənilən müharibədə də İran bu taktikadan geniş şəkildə istifadə edəcək, əsas zərbələrini məhz ballistik raketlərlə icra edəcək. Hazırda tərəflər arasında münasibətlər olduqca gərgindir. Artıq Amerika Birləşmiş Ştatları öz hərbçilərini və diplomatlarının ailələrini bölgədən çıxarır. Faktiki görünür ki, münasibətlərdə ciddi şəkildə geriləmə var".

Siyasi şərhçinin sözlərinə görə, hazırda iki ölkə arasında gərginlik çox yüksək səviyyədədir:

"Təbii ki, İsrail uzun müddətdir İrana müdaxilə ilə bağlı Amerikaya təzyiq göstərirdi. Düzdür, bu təzyiq müəyyən ölçüdə indiyədək zərərsizləşdirilmişdir. Ancaq belə görünür ki, İsrail istədiyinə nail ola bilər. Amma bu, müharibənin başlaması anlamına gəlmir. Düzdür, gərginlik çox yüksək səviyyədədir, amma ümumi müharibənin başlaması üçün ciddi nəsə deyə bilmərik. Nəzərə alaq ki, tərəflər arasında dialoq mühiti hələ ki, davam edir. ABŞ-İran danışıqları hələ də davam edir. İran Amerikanın irəli sürdüyü təkliflərdən imtina etdiyini bildirib. Ancaq eyni zamanda Tehran dialoqun dayandırılması istiqamətində də heç bir addım atmayıb".

Əmrəliyev qeyd etdi ki, Amerika da İranla dialoqu davam etdirir.

"Omanda müəyyən müsbət nəticələrin əldə olunması barədə hər iki tərəfdən açıqlamalar gəlmişdi. Amma biz bunların nə olduğunu bilmirik. İndi də Avropada danışıqların aparılması istiqamətində razılaşmalar var. Böyük ehtimalla danışıqlar aparılacaq. Gərginliyin çox yüksək fazaya keçməyəcəyini düşünürəm. Növbəti dialoq çərçivəsində gərginlik nisbətən aradan qalxacaq", - deyə müsahibimiz bildirdi.

Aytəkin TOFİQQIZI