Ermənipərəst Berbok BMT-də Azərbaycana qarşı qərar qəbul etdirə bilməyəcək - AÇIQLAMA

Almaniyanın keçmiş xarici işlər naziri Annalena Berbok BMT Baş Assambleyasının yeni prezidenti seçilib. Berbokun Ermənistanla əməkdaşlığa meyilli olması məlumdur.
Onun dövründə BMT Baş Məclisi Azərbaycana qarşı hansısa mənfi qərarlar verə bilərmi?
Mövzu ilə bağlı Redaktor.az-a danışan politoloq Sultan Şahidov bildirdi ki, Berbokun nisbətən daha ermənipərəst olduğu aydındır:
"Sadəcə məsələ ondan ibarətdir ki, BMT-nin Baş Assambleyasının prezidenti olsa belə, orada gündəliklərin formalaşmasına, təkliflərin irəli sürülməsinə, cari işlərin fəaliyyətinə rəhbərlik həyata keçirə bilər. Assambleyanın qərar verməsində onun elə bir ciddi təsiri olmayacaq. BMT-nin Baş Assambleyası daha çox konsultativ xarakter daşıyır".
Politoloq qeyd etdi ki, Baş Assambleyanın qərarları, qətnamələri Təhlükəsizlik Şurasından fərqli olaraq məcburi xarakter daşımır.
"Ona görə düşünmürəm ki, onun prezidentliyi dövründə Azərbaycan əleyhinə hansısa qərar verilər. Qərar olarsa, bunun üçün Assambleyada olan dövlətlərin də razılığı lazımdır. Dövlətlərin isə böyük əksəriyyəti Azərbaycanın haqlı mövqeyini, beynəlxalq hüquq və ədalətin yanında olduğunu bilirlər. Onlar məhz bu səbəbdən bizə qarşı verilən hansısa qətnaməyə, erməni lobbisinin diktə etdiyi qətnamələrə müsbət rəy verməyəcəklər", - deyə müsahibimiz vurğuladı.
Aytəkin TOFİQQIZI