"Paşinyan Türkiyə ilə mümasibətləri normallaşdırmağa çalışır"

 17:27 12.06.2025     79

"ABŞ və ya İsrail İranın hərbi mərkəzlərinə hava zərbələri endirərlərsə, bu, bölgədə gərginliyi artıracaq. Bu zərbələrin nəticəsində İrandakı proseslərin necə cərəyan edəcəyini proqnozlaşdırmaq çətindir. İranın mühafizəkar dairələrinin nümayəndələri əvvəlki açıqlamalarında bildiriblər ki, İran ərazisinə zərbələrin endiriləcəyi halında ABŞ-ın və İsrailin bölgədəki bazalarını hədəf seçəcəklər. Bazalar adı altında ABŞ və İsrailin bölgə ölkələrindəki səfirlikləri də nəzərdə tutula bilər. Bu səbəbdən ABŞ və İsrailin bölgə ölkələrindəki səfirlikləri təhlükəsizlik tədbirlərini artırıblar".

Redaktor.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib. Onun sözlərinə görə, İsrailin İrana zərbələr endirmək istəyi çoxdan bəllidir:

"İsrail hökuməti Vaşinqtonun icazəsini gözləyir. ABŞ Prezidenti Donald Tramp İsrailin baş naziri Benyamin Netanyahunu İranla danışıqların nəticəsini gözlməyi məsləhət bilmişdi. Ancaq ABŞ və İran rəsmiləri arasında müxtəlif ölkələrdə keçirilən görüşlər nəticə verməyib, üstəgəl İranın ali dini lideri Əli Xamanei Donald Trampın adını çəkmədən “Sən kimsən ki, bizə yol göstərirsən” kimi Ağ Ev sahibinə mesaj göndərib. Bu o deməkdir ki, Əli Xamanei nüvə məsələsiylə bağlı Tehranın Vaşinqtonla razılaşmasının əleyhinədir. Mövcud durum Benyamin Netanyahunun işinə yarayır. İsrailin işinə yarayan daha bir hadisə baş verib.   

Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) İran əleyhinə qətnamə qəbul edib. Qətnamədə İranın Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilə çərçivəsindəki öhdəliklərini pozduğu vurğulanıb. İran təşkilat qarşısındakı öhdəlikləri yerinə yetirməyib. MAQATE-nin baş direktoru Rafael Qrossi bəyan edib ki, İran bəzi qadağan olunmuş obyektlərdə nüvə materiallarının mövcudluğu və bu materiallarla aparılan işlər barədə agentliyə məlumat verməyib. Qrossinin “İran bir neçə nüvə bombası istehsal etməyə imkan verəcək qədər zənginləşdirilmiş urana” açıqlaması İsrailə və ABŞ-a İrana qarşı düyməyə basmaq üçün kifayət edir. 

Bu arada, Ermənistan baş naziri Nikol Paşinyanın yaxın günlərdə Türkiyəyə səfər edəcəyi xəbərinin yayılmasıın İran ətrafında baş verən hadisələrlə əlaqəli olduğunu düşünürəm. İran Ermənistanın əsas müttəfiqidir. Ancaq ABŞ və İsrail İrana qarşı sərt tədbirlərə əl atarlarsa, İrəvan Tehranla münasibətləri əvvəlki səviyyədə saxlaya bilməyəcək. Nikol Paşinyan Azərbaycanla sülh sazişinin imzalanmasının ləngiməsi fonunda heç olmazsa Türkiyə ilə münasibətləri normallaşdırmağa çalışır. O Ankarada Türkiyə Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğanla iki ölkə arasında münasibətlərlə yanaşı Ermənistan-Azərbaycan danışıqlarının hazırki vəziyyətini də müzakirə etmək istəyir. Paşinyan ümid edir ki, Ankara sülh sazişinin imzalanması məqsədilə Bakının mövqeyinə təsir edəcək. Ankaranın İrəvana ünvanladığı“ əvvəlcə Azərbaycanla məsələləri həll edin” yanaşması dəyişməyib".

Vasif ƏLİHÜSEYN