"İranın Zəngəzur dəhlizi məsələsində Azərbaycana qarşı çıxmaq gücü qalmayıb"

 19:56 12.06.2025     146

"Zəngəzur dəhlizi layihəsi regional əməkdaşlıqda və qlobal münasibətlər sistemində eksklüzivlik təqdim edir. Birinci növbədə Naxçıvan Muxtar Respublikasına maneəsiz quru əlaqəsinin təmini baxımından Zəngəzur dəhlizi önəmlidir".

Bu fikirləri Redaktor.az-a açıqlamasında politoloq Aqşin Kərimov Zəngəzur dəhlizinin beynəlxalq və regional əhəmiyyətindən danışarkən bildirdi.

"İkincisi, bu dəhliz vasitəsilə regionda əməkdaşlıq sahələri diversifikasiya ediləcək və yeni iqtisadi-ticari imkanlar açılacaq. Üçüncüsü, bu dəhliz Qərbi azərbaycanlıların tarixi torpaqlarına qayıdışının təminatçı qüvvələrindən biridir. Dördüncüsü, ideoloji cəhətdən Zəngəzur dəhlizi türkçülük ideallarını alternativ bir yüksəliş kimi təqdim edir. Bu məsələ Qərb dəyərlərinin çöküşü, fars və rus şovizmlərinin sıradan çıxması ilə xeyli dəyərli görünəcək. 

Nəticə olaraq Zəngəzur dəhlizi bu eksklüzivliklərdə iştirakı təşviq edir. Buna qatılma və ya ona qarşı çıxmaq arasında ciddi rəqabət gedir. Azərbaycan isə böyük bir ölçüdə Zəngəzur dəhlizinə əhəmiyyətli beynəlxalq dəstək qazana bilir", - deyə həmsöhbətimiz qeyd etdi.

Politoloq əlavə etdi ki, Azərbaycan Zəngəzur dəhlizi ilə əlaqədar inkişaf edən uyğunlaşmalara nail olmaqla regiondakı təhlükəsizlik mühitini daha güclü qaydalara tabe etdirmək istəyir.

"Lakin Azərbaycanın strategiyası, bəzi oyunçuların, əsasən də, Fransa, Hindistan kimi aktorların artan təzyiqləri ilə üzləşir. İranın isə Zəngəzur dəhlizi məsələsində Azərbaycana qarşı çıxmaq gücü qalmayıb, hərçənd ki, Tehrandan bu dəhliz əleyhinə səslər yenə güclənir. Bunlara baxmayaraq, Zəngəzur dəhlizi həm beynəlxalq rəqabətdəki ölçüləri müəyyənləşdirmək, həm regional məsələləri qaydaya salmaq, həm də Azərbaycanın strateji maraqlarının təmini baxımından zərurətdir",- deyə Aqşin Kərimov vurğuladı.

Xədicə BAXIŞLI