"Paşinyan Ərdoğandan sərhədlərin açılmasını istəyəcək"

 19:29 12.06.2025     76

"Ermənistanın Baş naziri Nikol Paşinyan seçkilər öncəsi Rusiyanın artan siyasi təzyiqlərindən qorunmaq və Azərbaycanla seçkilərə kimi sülh müqaviləsi bağlamaq ümidi ilə Türkiyəyə səfər edir. Ermənistanda müxalifət və kilsə Paşinyana qarşı ciddi hazırlıq içindədir. Hər keçən gün tərəflər arasında siyasi münasibətlər daha kəskin mərhələyə keçir. ABŞ prezidenti Donald Tramp Co Baydenden fərqli olaraq Paşinyana dəstək vermir. Avropa ittifaqı Rusiya-Ukrayna müharibəsinə daha çox kilidlənib. Paşinyan seçkiqabağı Rəcəb Tayyib Ərdoğandan ciddi dəstək almağa gedir".

Bunu Redaktor.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə bildirib.

Onun sözlərinə görə, N.Paşinyana seçkilər öncəsi Azərbaycanl sülh müqaviləsi bağlamaq hava və su kimi lazımdır.

"Bu çətin olacaqsa, heç olmasa Türkiyə ilə sərhədlərin açılmasını istəyəcək. Maraqlı proseslər gedir. Paşinyanın Ermənistan daxilində seçkilər ərəfəsində reytinqini artırmaq üçün Türkiyə ilə sərhədlerin açılmasına gedilə bilər. Ermənistanda Paşinyandan fərqli digər siyasilər Azərbaycan və Türkiyə qarşı düşmən münasibət sərgiləyir. Paşinyan Ərdoğandan sərhədlərin açılmasını xahiş edəcək. Ankara Bakı ilə məsləhətləşmələrdən sonra qərar verə bilər", - deyə Əsədullazadə qeyd edib.

Vasif ƏLİHÜSEYN