"Əgər münaqişə uzanarsa, İrandan Azərbaycana doğru mülki əhalinin artması mümkündür"

 11:30 13.06.2025     210

"İsrailin İrana qarşı həyata keçirdiyi hücum regionda vəziyyəti kəskin dəyişə bilər. Bu təsirlər həm regionada ümumi təhlükəsizlik mühitinə, həm nəqliyyat dəhlizlərinə, həm idxal-ixrac balansına, həm neft qiymətlərinə, həm də mümkün miqrasiya axınlarına görə qiymətləndirilə bilər".

Redaktor.az xəbər verir ki, bunu iqtisadçı Eldəniz Əmirov deyib.  O, Şimal-Cənub Dəhlizi üzrə isə dərhal ciddi iqtisadi risk görmədiyini deyib:

"Çünki, İran tərəfində infrastruktur hələ də tam tamamlanmayıb və bu marşrut indiyə qədər də tam gücü ilə işləmirdi. Bir müddət əvvəl onsuzda əsas limanı partlayış sıradan çıxarmışdı.

2024-cü ildə Azərbaycan–İran ticarət dövriyyəsi 647 milyon dollar olub, bunun 633 milyon dolları İranın ixracıdır. Yəni biz bu qədər idxal etmişik. İran əsasən Azərbaycana meyvə-tərəvəz, quru çərəzlər, bəzi dərman vasitələri, plastik məmulatlar, tikinti materialları və məişət texnikası ixrac edir. Qısamüddətli gecikmələr və qısa qiymət artımı bu sahələr üzrə mümkündür, lakin ümumi iqtisadi sabitliyi sarsıdacaq səviyyədə deyil.

Əgər münaqişə uzanarsa, İrandan Azərbaycana doğru humanitar və iqtisadi axının, xüsusilə də biznesi çökən sahibkarların və mülki əhalinin artması mümkündür. Bu isə bir tərəfdən istehlak artımı və sosial xidmətlərə təzyiq yarada bilər, digər tərəfdən isə yeni əmək resursları və iqtisadi inteqrasiya imkanları formalaşdıra bilər. Belə hallarda, xüsusən də İran vətəndaşlarının Azərbaycanda uzunmüddətli yaşamağa meyil göstərməsi fonunda, əmlak bazarında tələbin artması və daşınmaz əmlak qiymətlərində yüksəliş müşahidə oluna bilər. Həmçinin münaqişənin uzun davam etməsi, region ölkələrinin ticarət planlarını və dünya bazarında neft qiymətlərini dəyişə bilir. Odur ki, çox şey situasiyanın davam etmə müddəti və miqyasından asılı olacaq".

Vasif ƏLİHÜSEYN