ABŞ Rusiya ilə buna görə anlaşmaq istəyir - AÇIQLAMA 

 18:47 13.06.2025     141

"Donald Trampın Rusiyadan neft alanlara qarşı sanksiyaları ləngitməsi təbii ki, Rusiyaya dəstəkdir. Burada bəllidir ki, Ukrayna məsələsində Amerika Rusiya ilə anlaşmağa çalışır. Bunun fonunda ABŞ yeni sanksiyalar da tətbiq etmir. Çünki yeni sanksiyalar tətbiq edəcəyi təqdirdə, Rusiya-Amerika arasındakı aparılan danışıqlarda atmosferi pozacaq".

Bu fikirləri Redaktor.az-a açıqlamasında politoloq Asif Nərimanlı ABŞ Prezidenti Donald Trampın Rusiyadan neft alanlara qarşı sanksiyaları ləngitməsinə münasibət bildirərkən dedi.

"Təbii ki, bu danışıqlar sadəcə Ukrayna məsələsi ilə bağlı deyil. Geosiyasi məsələdə ABŞ Rusiya ilə anlaşma əldə etmək istəyir. Bu razılaşmada Amerikanın əsas səbəblərindən biri Çindirsə, digər səbəb Avropa İttifaqına qarşı, o cümlədən İrana qarşı da müəyyən bir planları var. Yəni, geosiyasi müstəvidə Amerika Rusiyadan öz planlarını həyata keçirmək üçün istifadə etmək niyyətindədir. Əlbəttə, bunun üçün Ukrayna məsələsi həll edilməlidir. Tərəflər razılığa gəlməlidir. Ukrayna anlaşdıqdan sonra hər şey qaydasına düşə bilər. Bütün perspektiv bunun üzərində qurulub. Mövcud vəziyyətdə yeni sanksiyalar tətbiq edəcəyi təqdirdə Amerika Rusiyaya qarşı güzəştlər edir. Şübhəsiz, bunun qarşılığında ABŞ-nin gözləntiləri var", - deyə o vurğuladı.

Politoloq qeyd etdi ki, Trampın neft məsələsi ilə bağlı da öz marağı var.

"Bu, neftin qiyməti ilə bağlı olan məsələdir. Tramp neftin mövcud qiymətdən aşağı düşməsini istəyir. Hətta bununla bağlı Tramp öz səfərlərində də bu mövzudan danışıb.

Bu baxımdan Rusiyaya qarşı neftlə bağlı sanksiyalar tətbiq ediləcəksə, bu da neft bazarında Rusiyanın rolunun zəifləyəcəyi deməkdir. Bu da ümumilikdə hasilatın azalmasına gətirib çıxaracaq ki, bu da neft qiymətinin bahalaşmasına səbəb olacaq. Amerika isə bunun mövcud qiymətdən aşağı düşməsini istəyir.

Yəni, bu baxımdan bu məsələni həm Rusiyaya qarşı dəstək, həm də Amerikanın öz maraqları adlandırmaq olar. Yəni ki, rus nefti bazarda azalacaqsa, bu qiymətə təsir edə bilər. Bu da Amerikanın maraqlarına ziddir", - deyə Asif Nərimanlı bildirdi.

Xədicə BAXIŞLI