"Ermənistandan Zəngəzur dəhlizi ilə bağlı addım gözləyirik"

 14:31 14.06.2025     162

“Biz regionda təhlükəsizliyi və sabitliyi təmin etmişik. Ermənistan hərtərəfli müzakirələrin və dəhlizlərin tərkib hissəsi ola bilər”.

Redaktor.az APA-ya istinadla xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Praqada təşkil olunan “GLOBSEC Forum 2025” çərçivəsində keçirilən “Orta Dəhliz: Yeni Geosiyasi və Geoiqtisadi Həyat Xətti” ( The Middle Corridor: A New Geopolitical and Economic Lifeline?) paneli zamanı söyləyib.

O həmçinin, Azərbacyanın regionda təhlükəsizliyi təmin etdiyini diqqətə çatdırıb. H. Hacıyev vurğulayıb ki, Azərbaycanın bu ölkədən gözləntiləri var.

“Azərbaycanın əraziləri işğal altında olduğu zaman biz əlaqələri yalnız münaqişənin həlli prosesi çərçivəsində nəzərdən keçirirdik. Münaqişənin həll olunduğu bir vaxtda hesab edirik ki, “Şərq – Qərb” nəqliyyat dəhlizinin vacib komponentlərindən biri də ölkədə təhlükəsizlik və sabitliyin hökm sürməsidir. Bu, həmin dəhlizin tam miqyasda və effektiv fəaliyyəti üçün zəruridir. Biz regionda təhlükəsizliyi və sabitliyi təmin etmişik. Ermənistan regionda aparılan hərtərəfli müzakirələrin və dəhlizlərin tərkib hissəsi ola bilər. Bu, mümkündür. Bizim də təbii ki, Ermənistandan gözləntilərimiz var. 30 ildir Ermənistan Naxçıvanı blokada şəraitində saxlayıb. İndi isə biz onlardan ilk vacib addımı atmasını, yəni, Zəngəzur dəhlizi ilə bağlı addım gözləyirik. “Dəhliz” sözü Ermənistandakı həmkarlarımda qıcıq yaradır. Qoy, buna nə istəyirlər desinlər. Lakin biz ilk olaraq Naxçıvana bağlantı istəyirik, çünki 30 il ərzində biz bu imkandan məhrum olmuşuq. Naxçıvana əlaqə yarandıqdan sonra düşünürəm ki, Ermənistan üçün də başqa imkanlar açıla bilər. Biz Ermənistanı da regional nəqliyyatın bir hissəsi kimi görmək istəyirik”.