"Regionda müharibə baş verirsə, bunun mənfi nəticələri qonşulara da təsir göstərir"

"İran və İsrail arasında gedən müharibə, ümid edək ki, tammiqyaslı müharibəyə çevrilməyəcək. Nəticə etibarilə regionda müharibə baş verirsə, heç şübhəsiz, bunun mənfi nəticələri qonşu ölkələrə də təsir göstərir".
Bu fikirləri Redaktor.az-a Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, deputat Hikmət Babaoğlu hazırda davam edən İsrail-İran müharibəsindən danışarkən bildirdi.
"Amma müharibəyə səbəb verən məqsədlər müharibəni şərtləndirdi. Bu şərtlər əməkdaşlığa, sülhə qarşı olan şərtlər idi. Biz yalnız məsələnin bir tərəfini görürük. İran-İsrail münasibətləri kontekstində bu məsələyə baxırıq. Bəzən biz yaşadığımız müharibə dövründə də qonşu ölkələrin destruktiv mövqeyini gördük. Regional inteqrasiyaya, əməkdaşlığa və sülhə qarşı mövqeyini gördük. Belə olan halda, əlbəttə ki, digər ölkələrə qarşı da aparılan siyasət nəticə etibarilə müharibəyə səbəbiyyət verdi. Düşünürəm ki, bu şərtlərin qısa zamanda ortadan qalxması və yeni konstruktiv meyillərin yaranması mümkün olarsa, bu, əlbəttə, Azərbaycanın sülh mövqeyinə yaxşı təsir göstərmiş olar. İrəli sürdüyümüz tammiqyaslı regional əməkdaşlıq üçün yeni şərtlər yarana bilər", - deyə H.Babaoğlu vurğuladı.
Aytəkin TOFİQQIZI