ABŞ müharibəyə qatılarsa - bütün dünya üçün qorxunc nəticələrin başlanğıcı ola bilər

 17:40 17.06.2025     81

ABŞ Prezidenti Donald Tramp İranla nüvə inkişafı ilə bağlı saziş bağlanacağına əminliyini bildirib. 

Bəs belə bir sazişin imzalanacağı gözlənilirmi?

Redaktor.az-a açıqlamasında politoloq Elçin Xalidbəyli bildirdi ki, sazişin mütləq imzalanacağını iddia etmək çox çətindir:

"Kifayət qədər qəliz bir situasiya yaranıb. İran nüvə proqramının ləğvi ilə bağlı sazişin müzakirəsi üçün ABŞ-dən İsrailə təzyiq göstərməyi və hərbi əməliyyatların dayandırılmasını tələb edir. Eyni zamanda İsrail bu tələblə razı deyil. Amerikanın mövqeyində birmənalı məzmun daşıyan mövqe müşahidə olunmur. Amerikanın Prezidenti Donald Tramp bir tərəfdən İrana son şansın verildiyini bildirir, digər tərəfdən də İranın şansdan istifadə etmədiyini vurğulayır. Nəhayət, İranla bağlı daha pis şeylərin ola biləcəyi ilə bağlı mesajlar verir. Yəni Trampın mövqeyində dəqiqlik yoxdur".

Müsahibimiz qeyd etdi ki, Donald Tramp G7 dövlətlərinin Kanadada keçirilən son sammitini yarımçıq tərk edərək Amerikaya qayıdıb.

"Son məlumatlara görə, Tramp qayıtdıqdan sonra ABŞ-nin Təhlükəsizlik Şurasının toplantısı keçirilib. Hansı məsələlərin müzakirə olunduğu hələlik tam məlum deyil. Trampın açıqlamalarında vurğulanır ki, Amerika İsraili müdafiə edir.

Bu prosesi istiqamətləri bütün dünya üçün real təhlükə qaynağına çevrilməyə başlayıb. Belə anlaşılır ki, Amerika bu savaşa qatılma ehtimalını istisna etmirsə, İranla İsrail arasında savaş daha da genişlənər, qəddar və amansız xarakter daşıya bilər. Bu da yalnız Yaxın Şərq regionu üçün deyil, bütün dünya üçün qorxunc nəticələrin başlanğıcı ola bilər", - deyə politoloq vurğuladı.

Aytəkin TOFİQQIZI