"Əgər ABŞ müharibəyə qoşulsa, Çin də qoşulacaq" - AÇIQLAMA

"Donald Tramp İran hakimiyyətinə təzyiq etmə məqsədilə əhalidən istifadə edir. Hərkəsə deyir: “Tehranı tərk edin.” Bu, o deməkdir ki, biz oranı bombalayacağıq. Amma bu, kütləvi bombalama olacaqmı, o, sual altındadır".
Bu fikirləri Redaktor.az-a açıqlamasında politoloq Samir Hümbətov ABŞ Prezidenti Donald Trampın əhaliyə İran paytaxtını tərk etməyə dair etdiyi çağırışdan danışarkən bildirdi.
"Lazım olan təzyiqi İsrail hökuməti etdiyi hava hücumları və qətlə yetirdiyi şəxslər bu və ya digər formada İran siyasi-hərbi elitasının əsas ünsürlərini yox etmək vasitəsilə göstərir. İsrail İranın ən tanınmış nüvə alimlərini sıradan çıxardı.
Bu əhalidə onsuz da panika var, bunu deməklə əhali daha çox kənara çıxmağa başlayacaq ki, bu da İran hökumətini o məsələdə ABŞ və İsrail ilə danışığa vadar edə bilər. Məqsəd ondan ibarətdir".
Ekspert hesab edir ki, bu müharibə genişmiqyaslı olmayacaq.
"Əgər ABŞ müharibəyə qoşulsa, Çin də qoşulacaq ki, bu zaman böyük bir qarşıdurma çıxar. Çünki Çinin İranla anlaşması var. İrana da böyük yatırımları var.
Belə olan halda, çox çətin təsəvvür edirəm ki, ABŞ müharibəyə qoşula, Çin durub kənarda baxa. Ona görə də düşünürəm ki, Trampın o sözləri əsasən təzyiq ola bilər", - deyə Samir Hümbətov vurğuladı.
Xədicə BAXIŞLI