"İran müharibəni ABŞ-nin iştirakına imkan vermədən dayandırmaq niyyətindədir" - ŞƏRH

ABŞ-nin Prezidenti Donald Tramp İranı Amerika bazalarına hücum edəcəyi təqdirdə nəticələrin ağır olacağı ilə hədələyib.
Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında politoloq Asif Nərimanlı bildirdi ki, İran və Amerika arasında münaqişənin olması, baş verən müharibə ərzində qarşıdurmaların son ssenari kimi gözlənilir:
"Təbii ki, bu da İran hakimiyyətinin atacağı addımdan asılıdır. İran hakimiyyəti hazırkı mərhələdə bunu etmək niyyətində deyil. Maksimum dərəcədə müharibənin dayandırılması üçün danışıqların başladılmasına çalışır. Bununla bağlı Amerikaya da çağırış edirlər, hətta bir çox ölkədən vasitəçilik etməsi ilə bağlı xahişlər olunub.
Lakin İran müharibəni regional müstəviyə də keçirə bilər. Bu da regiondakı Amerika bazalarının hədəfə alınması ilə mümkündür. Amma belə bir addım İran hökumətinin intihar aktı kimi qəbul edilə bilər. Çünki Amerika bazaları hədəf alınarsa, müharibə regional müstəviyə keçəcək. Xüsusilə Körfəz ölkələrinə".
Ekspert qeyd etdi ki, Körfəz ölkələri isə daha zəif ölkələr hesab olunur və zəif qorunurlar.
"İkincisi isə Amerikanın birbaşa İsrail cəbhəsindən döyüşə qoşulması ilə nəticələnə bilər. Ən mühümü isə müharibənin regional müstəviyə keçirilməsi və İrana olan müdaxilənin beynəlxalq müstəvidə müzakirə olunması ehtimalıdır. Bütün bu risklər və ssenarilər mövcuddur. İran bunu anlayır, ona görə maksimum dərəcədə müharibəni regional müstəviyə keçirmədən, ABŞ-nin iştirakına imkan vermədən dayandırmaq niyyətindədir.
İran tərəfinin heç bir yolu qalmasa, təslim olmağa məcbur olsa, İsraillə olan müharibədən xilas ola bilməyəcəklər. O vaxt İran bu addımı ata bilər. Bu, İranın atacağı ən radikal addım olar. Amerika isə indi həm təhlükəsizlik, həm də siyasi baxımdan İsraili dəstəkləsə də, bunu açıq şəkildə etmir. Bunu açıq şəkildə etmədiyi müddətdə İran üçün hələ də danışıqlar masasına qayıtmaq, müharibəni dayandırmaq şansı qalır", - deyə Asif Nərimanlı vurğuladı.
Xədicə BAXIŞLI