"Bu şəraitdə Ali Baş Komandanın başçılığı ilə qələbəmizin qədrini bilməliyik" - Zahid Oruc

 15:20 18.06.2025     152

18 iyun Azərbaycanda “İnsan Hüquqları Günü” kimi qeyd olunur.

Redaktor.az-a danışan Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc bildirdi ki, Azərbaycan son 100 ildə hüquq və qanun sahəsində böyük bir yol keçib.

"Biz tam məsuliyyətlə deyə bilərik ki, ulu öndərin rəhbərliyi dövründə hüquq və qanunvericilik sistemi daha da mükəmməl səviyyəyə gəlib çatıb. Milli həyatın bütün sferaları ilə bağlı normalar yaradılır. Dövlət quruculuğu müstəqillik dövrünü əvvəlki illərlə müqayisədə fərqli yaşayır. Bu ondan ibarətdir ki, ilk növbədə hansısa ideoloji əlamətlərinə görə qanunlar deyil, məhz vətəndaşların hüquq və azadlıqları önə qoyularaq bu istiqamətdə geniş miqyaslı tədbirlər həyata keçirilib.

Bu gün 18 iyun "İnsan Hüquqları Günü" həm də Konstitusiyanın qəbulundan keçən 30 ilini və suverenliyimizin təminatının 5-ci ili ilə eyni vaxtda qeyd edirik. Deyə bilərəm ki, dövlətin əsasını müddəalar təşkil edir. Ötən illər ərzində təəssüflər olsun ki, həm də qanunlarımızın böyük bir hissəsinin işğalın ağır mirasını daşıdığını söyləyə bilərik. 2020-ci il Vətən müharibəsini qanunlar uğrunda və Konstitusiya bütövlüyümüz uğrunda mübarizə kimi qəbul edirik. Vətəndaş öz ərazisində yaşamırsa, normaları bilmir. İşğal problemi varsa, qanunun bütövlüyündən danışa bilmirsən. İndi şükürlər olsun ki, biz yubileyi məhz qanunlarımızın üzərindən ağır mirasın götürülməsi ilə birlikdə qeyd edirik".

Millət vəkili vurğuladı ki, ötən dövr ərzində müxtəlif siyasi dövlət institutları formalaşıb.

"Ombudsman təsisatı, parlamentin İnsan hüquqları komitəsi və digər qurumlar insan hüquq və azadlıqlarının təminatına öz töhfələrini veriblər. Əlbəttə, kadr hazırlığı, cəmiyyətin kamilliyi, hüquqi təfəkkür hamısı rol oynayır.

Qlobal despot kimi özünü göstərən ABŞ-nin daxili həyatında hansı proseslərin baş verdiyini görürsünüz. Son dövrlər Los-Ancelesdəki kütləvi aksiyalar növbəti toqquşmaların davamıdır. Bu gün beynəlxalq təhlükəsizlik sistemi böhran yaşayır. Hətta dünən Donald Tramp “İranın hava məkanına nəzarət edirik, harada olduğunu bilirik, öldürməyə hələ qərar verməmişik” açıqlamasını verib. Bu, insan haqlarının nə qədər kövrək, təhlükəsizlikdən asılı olan durumda olduğunu göstərir. Bu şəraitdə Ali Baş Komandanın başçılığı ilə qələbəmizin qədrini bilməliyik. Onu qorumalıyıq, onun mənasını hər bir insana çatdırmalıyıq. Dövlət orqanlarını daha məsuliyyətli çalışmağa çağırmalıyıq, hər bir insandan bu istiqamətdə dövlətimizi qorumağı istəməliyik", - deyə Zahid Oruc qeyd etdi.

Aytəkin TOFİQQIZI

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "insan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması" mövzusunda dərc olunub.

2