İran Hörmüz boğazını bağlasa, nə baş verəcək? - AÇIQLAMA

 19:26 18.06.2025     203

"6 gündür ki, İsrail-İran qarşıdurması davam edir. Hər iki tərəfdə tələfatlar var. Bu gün də İsrail ordusunun təyyarələri Tehranı, Tehranın ətrafını bombalayır. Bu konflikt böyüsə, böyük qlobal müharibənin başlanğıcı olacaq. Əgər yaxın günlərdə İsraillə İran bu müharibəni dayandırmasa, hesab edirəm ki, müharibəyə Pakistan, Çin, Şimali Koreyanın da qarışma ehtimalı var".

Bu fikirləri Redaktor.az-a açıqlamasında politoloq Elşad Həsənov İsail və İran arasında olan qarşıdurmadan, Hörmüz boğazının bağlanma ehtimalı və bunların Azərbaycana olan təsirindən danışarkən bildirdi.

"Artıq Şimali Koreyanın rəhbəri bildirdi ki, biz İranı dəstəkləyirik. Eyni zamanda konflikt başlayan gündən Pakistan bildirdi ki, biz İranın yanındayıq. Ancaq hələlik hərbi dəstək yoxdur.

Çinin İranla bağlı strateji planları var, İran ərazisinə böyük maraqları var. İran ərazisində onların limanları var. İranın yanacaq resurslarından da Çin ucuz qiymətə istifadə edir. Yəni, burada müharibənin getməsi Çinin iqtisadiyyatına böyük mənfi təsir göstərir. Ona görə də Çin İrana 3 hərbi təyyarə göndərib. Təyyarələrdə də çox güman ki, hərbi-texniki sursat göndərilib", - deyə həmsöhbətimiz qeyd etdi.

Siyasi şərhçi hesab edir ki, baş verən-İsrail-İran münaqişəsi əgər davam edərsə, böyüyə bilər:

"Dünən ABŞ Prezidenti Donald Tramp görüşdən sonra bildirdi ki, İran kapitulyasiya olmalıdır, əks halda İran üçün pis olacaq. Yəni, mən hesab edirəm ki, onlar nüvə tədqiqat mərkəzini vurmaq istəyirlər. Amma İsraildə elə bir bomba yoxdur ki, oranı dağıtsın. Ona görə də İrana qarşı belə bir qarşıdurma başlayıb.

Eyni zamanda Kanadada keçirilən G7 tədbirində həmin ölkələrinin rəhbərləri İsraili dəstəklədiklərini bildirdilər. Lazım olan dəstəkləri göstərəcəklərini açıqladılar. İranı isə terror ölkəsi adlandırdılar".

E.Həsənov qeyd etdi ki, bu müharibənin gedişi region ölkələrinə də ciddi təsir göstərir.

"İran üzərindən olan uçuşlar dayanıb. İqtisadi problemlər yaranır. Azərbaycana qaçqınlar gəlir. Digər ölkələrin – Rusiyanın, Belarusiyanın, İtaliyanın və digər ölkələrin vətəndaşları artıq Azərbaycan sərhədindən keçərək Bakıya gəlib, buradan öz ölkələrinə gedirlər.

Təbii ki, bu müharibənin təsiri Azərbaycana da çoxdur. Hesab edirəm ki, İran Hörmüz boğazını bağlasa, - dünyada daşınan 20% ərzaq bu boğazdan keçir, eyni zamanda 30% yanacaq, qaz, neft daşımaları buradan keçir - o zaman neftin, qazın yüksək sürətlə qalxması müşahidə olunacaq.

Əgər Hörmüz bağlanarsa, yanacağın qiymətinin 200-250 dollardan yuxarı olacağı haqqında artıq proqnozlar var. Ona görə hesab edirəm ki, bu müharibə tezliklə dayandırılmalıdır. Əks halda daha böyük ərazidə davam edəcək. Baş verənlər Azərbaycana da az da olsa böyük təsir edəcək", - deyə politoloq vurğuladı.

Xədicə BAXIŞLI