DİN: İstirahət hüququnun pozulmasına qarşı sərt tədbirlər nəzərdə tutulur - VİDEO

Polis əməkdaşları tərəfindən məişət səs-küyü ilə bağlı qəbul edilən normalara əməl olunması üzrə nəzarət tədbirləri davam etdirilir.
Redaktor.az xəbər verir ki, bu barədə DİN-in məlumatında deyilir.
"Vətəndaşların haqlı narazılığına səbəb olan bu cür hallar aşkar olunduqda ərazi polis orqanında tədbirlər görülür. Həmçinin, gecə saat 00:00-dan sonra yaşayış məntəqələrindəki yollarda hərəkətdə olan zaman avtomobildə yüksək səslə musiqiyə qulaq asmaq, tez-tez səs siqnalından istifadə etmək də qanunla qadağandır. Bu cür hallara yol verilməsi ictimai asayiş pozuntusudur və nəqliyyat vasitəsinin saxlanılmasına qanuni əsas yaradır.
Bir daha qeyd edək ki, məişət səs-küyü ilə bağlı polis əməkdaşları tərəfindən profilaktik tədbirlər mütəmadi olaraq davam etdiriləcək. Xəbərdarlıqlara baxmayaraq belə hallara təkrar yol verən şəxslər barəsində daha sərt tədbirlərin görüləcəyi nəzərdə tutulur", nazirlikdən bildirilib.