"Azərbaycan Prezidenti bu gün də İranda yaşayan soydaşlarımızın mənafeyini qoruyur" - Deputat

"Azərbaycan qonşu İranla öz münasibətlərini formalaşdırarkən həmişə İranda yaşayan soydaşlarımızı və onların mənafeyini nəzərə alıb. Ona görə də heç vaxt İrana qarşı hər hansı bir sanksiyaya qoşulmayıb".
Bu fikirləri Redaktor.az-a açıqlamasında Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, deputat Hikmət Babaoğlu Azərbaycanın İranda azərbaycanlıların yaşadığı bölgələrdə mülki əhalinin və obyektlərin təhlükəsizliyini təmin etmək məqsədilə İsrailə ehtiyatlı davranmaq və zərbələrdən çəkinmək üçün etdiyi növbəti müraciətindən danışarkən bildirdi.
"Daim İranda yaşayan soydaşlarımızın mənafeyi, öz vətəndaşlarımızın mənafeyi qədər üstün tutulur. Çıxışlarının birində cənab Prezident İlham Əliyev bildirmişdi ki, “mən bütün azərbaycanlıların prezidentiyəm". Ona görə də məhz bu gün Azərbaycan Prezidenti eyni mövqedən çıxış edərək İsrail–İran müharibəsi kontekstində yenə də İranda yaşayan soydaşlarımızı unutmur".
Deputat qeyd etdi ki, prezidentimiz bu gün də onların mənafelərini qoruyur, hətta belə ekstremal vəziyyətdə belə soydaşlarımızın təhlükəsizliyinin təmin olunması ilə bağlı müxtəlif tədbirlər həyata keçirir.
"İsrailə də onların mənafelərini qoruması ilə bağlı xatırlatma edir və bunu nəzərə alması ilə bağlı mesajlar göndərir. Bu, onu göstərir ki, doğrudan da Azərbaycan Prezidenti dünyada yaşayan, o cümlədən İranda yaşayan azərbaycanlıların hər birinin təhlükəsizliyini vahid milli təhlükəsizliyimiz kimi nəzərdən keçirir və bütün vasitələrlə onları qoruyur",- deyə Hikmət Babaoğlu vurğuladı.
Xədicə BAXIŞLI