"Qərbin aparıcı dövlətləri İranla münasibətlərin qorunub saxlanması tərəfdarıdır"

Böyük Britaniya, Almaniya və Fransa xarici işlər nazirləri (XİN) sabah Cenevrədə İran XİN başçısı Abbas Araqçi ilə danışıqlar aparacaqlar.
İsrail-İran müharibəsinin getdiyi bir zamanda belə bir görüşün məqsədi nədir?
Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında politoloq Samir Hümbətov bildirdi ki, Qərbdə İranla bağlı münasibətlərdə fərqlilik var.
"Məsələn, Amerika İsrailin yanında yer aldığı halda, Qərbin əsas aparıcı dövlətləri ya üzdə, ya da arxa planda münasibətlərin qorunub saxlanması tərəfdarıdır.
Nəzərə alaq ki, Fransa İranla əməkdaşlığa xüsusi önəm verir. Yəni bu, o deməkdir ki, Böyük Britaniya, Almaniya və Fransa XİN başçılarının İranla danışıqlarda belə aktiv şəkildə iştirak etməsi Avropa İttifaqının, ümumilikdə Qərbi Avropanın əsas diqqət yetirdiyi mövzulardandır. İranla əməkdaşlıqları daha dərindir".
Onun fikrincə, bu danışıqlarda yenidən “5+1” formatına İranın qayıtması, Amerika Birləşmiş Ştatlarının da bu formata qayıtması və beləliklə danışıqların aparılması gündəmdə olacaq.
"Bu, İranın görünür ki, nüvə zənginləşdirilməsini dayandırması və bu prosesi dinc məqsədlərə yönəltməsi istiqamətində danışıqların aparılacağına işarədir.
Belə nəticə alınarsa, bu artıq İsrail, ABŞ, İran və Avropanın aparıcı dövlətlərinin birgə ümumi planı anlamını daşıyar. Amma burada Çin və Rusiyanı da gözardı etmək olmaz. Yəni “5+1” formatında Çin və Rusiya da var. Eyni zamanda, Britaniya, Almaniya, Fransa və ABŞ da bu formatdadır.
Buna görə düşünürəm ki, baş tutacaq görüşdə məhz bu məsələlər müzakirə oluna bilər", - deyə siyasi şərhçi qeyd etdi.
Xədicə BAXIŞLI