"Kreml İrana görə beynəlxalq güc mərkəzləri ilə üz-üzə gəlməkdən qaçır" - Aqşin Kərimov

İsraillə İran arasında 13 iyundan genişmiqyaslı münaqişə başlayandan bu yana Rusiya Prezidenti Vladimir Putin hər iki tərəfə vasitəçilik təklif edib.
ABŞ Prezidenti Donald Tramp isə bu vasitəçiliyə şübhə və kinayə ilə yanaşıb. Tramp deyib ki, 17 iyunda Vladimir Putinlə telefonla danışıb.
Amerika lideri jurnalistlərə açıqlamasında deyib: “O (Putin) əslində vasitəçiliyə kömək etməyi təklif etdi. Mən dedim: “Mənə bir yaxşılıq et, öz ölkəndə vasitəçi ol. Mən dedim ki, Vladimir, gəlin əvvəlcə Rusiyaya vasitəçilik edək, bundan sonra narahat ola bilərsiniz” – Tramp Rusiya-Ukrayna müharibəsini nəzərdə tutaraq deyib.
Ümumiyyətlə, Rusiyanın İran və İsrail arasında vasitəçiliyi mümkündürmü?
Siyasi təhlilçi Aqşin Kərimov Redaktor.az-a açıqlamasında bildirdi ki, Putin özünün moderatorluq təkliflərinə ciddi şübhə ilə yanaşılacağını bilirdi:
"Putin vasitəçilik planı ilə başqa bir hədəfə doğru irəliləmək strategiyasını test edir. Əslində Putin Trampa Rusiya-ABŞ münasibətlərinin düzəlməsi, Ukrayna müharibəsində sövdələşmə ilə imtiyaz əldə etmək niyyətini ifadə edib. Çünki Putin İsrail-İran münaqişəsini ABŞ ilə danışıqlarda fürsətə çevirmək niyyətindədir. Mümkündür ki, Rusiya bunun üçün ABŞ ilə birgə İsrail-İran müharibəsinə son qoyulması üçün strategiya hazırlamasının tərəfdarıdır. Bu plan, Rusiyanın Ukraynada apardığı hərbi kampaniyada Vaşinqtondan siyasi dəstək almasına hesablanmış planın bir hissəsidir. Yəni Putinin təklifinin arxasında Rusiyanın diplomatiya vasitəsilə ABŞ ilə münasibətləri yaxşılaşdırmaq istəyi dayana bilər”.
Politoloqun fikrincə, Rusiya İsrail-İran müharibəsinə yanaşmada tərəflərdən birinə strateji dəstək olmaqdan yayınır:
“Bunun səbəbləri aydındır: Rusiyanın İranla da, İsraillə də əlaqələri yaxşıdır. Hərçənd ki, Rusiya ilə İran arasında müqavilə-hüquq bazası üzrə tərəfdaşlıq sənədləri daha üstündür. Lakin Rusiya faktiki reallıqlardan çıxış edərək İsraillə olan arxa kanal əlaqələrinə üstünlük verir. Üstəlik Kreml İrana görə beynəlxalq güc mərkəzləri ilə üz-üzə gəlməkdən qaçır. Bunun bir səbəbi də odur ki, Rusiya İranı həqiqi müttəfiq kimi nəzərdən keçirmir”,- deyə A.Kərimov bildirdi.
Xədicə BAXIŞLI