"Tehran nə qədər israr etsə də, İsrail danışıqlara bu şərtlərlə qatılmayacaq" - AÇIQLAMA 

 18:36 20.06.2025     105

"İsrailin İranın irəli sürdüyü şərtləri qəbul edərək danışıqlar masasına oturması ehtimalı reallıqdan çox uzaq görünür. İranın “düşmən cəzalandırılmalıdır” tələbi birbaşa İsrailin hərbi-siyasi mövqeyini hədəf alır və bu, İsrailin qətiyyətlə rədd edəcəyi ritorikadır".

Bu fikirlləri Redaktor.az-a açıqlamasında politoloq Tural İsmayılov İranın İsarilə zərbələrini dayandırmaq üçün qoyduğu şərtləri şərh edərkən bildirdi.

"İsrailin milli təhlükəsizlik strategiyası onun təhdid qarşısında geri çəkilməsini mümkünsüz edir. Təl-Əviv üçün bu cür şərtlər təslimiyyətin sinonimidir. İsrailin daxili ictimaiyyəti və siyasi dairələri də bu tələbləri aşağılama kimi qəbul edəcək. Eyni zamanda, “təzminat” məsələsi həm siyasi, həm hüquqi baxımdan ciddi mübahisə doğurur. İsrail üçün bu, hərbi əməliyyatlarının legitimliyini sual altına almaq deməkdir, bu isə dövlət imicinə ağır zərbə olar".

Siyasi şərhçi qeyd etdi ki, İran isə bu şərtlərlə özünü daha güclü göstərmək istəyir.

"Əslində bu, həm də daxili auditoriyaya yönəlik simvolik manevrdir. Tehran zaman qazanmaq, beynəlxalq mühitdə öz mövqeyini konsolidasiya etmək üçün danışıqlara təşəbbüs göstərirmiş kimi davranır.

Bu, tipik hibrid yanaşmadır: bir tərəfdən diplomatik görüntü yaratmaq, digər tərəfdən isə real münaqişəni davam etdirmək. İsrail isə bu oyunun iştirakçısı olmaq istəmir. Beynəlxalq vasitəçilər, xüsusilə ABŞ, bu prosesi yönləndirməyə çalışsa da, mövqelər arasındakı uçurum hələ çox dərindir.

Hazırkı mərhələdə İsrailin geri addım atması siyasi intihara bərabər olardı. Beləliklə, Tehran nə qədər israr etsə də, İsrail danışıqlara bu şərtlərlə qatılmayacaq. Gərginlik daha da dərinləşə bilər", - deyə Tural İsmayılov vurğuladı.

Xədicə BAXIŞLI