"İranın qısa müddətdə silah üçün yararlı uranı əldə etməsi real məsələdir" - Hərbi ekspert

 18:32 20.06.2025     120

“İranın nüvə silahı əldə etmək üçün hər şeyi var. Bunun üçün yalnız ali rəhbərin qərarı lazımdır. Bu silahı istehsal etmək üçün bir neçə həftə lazım olardı. Bu, əlbəttə ki, təkcə İsrail üçün deyil, həm də ABŞ və bütün dünya üçün ekzistensial təhdid təşkil edərdi”. Bu fikirləri Ağ Evin mətbuat katibi Kerolayn Levitt jurnalistlər üçün keçirdiyi brifinqdə deyib.

Bəs İran doğrudan da bu müddətə nüvə silahı istehsal edə bilərmi?

Hərbi ekspert Ədalət Verdiyev Redaktor.az-a açıqlamasında bildirdi ki, İran uzun illərdir ki, nüvə silahını əldə etmək üçün uranı yüksək səviyyədə zənginləşdirməyə çalışır. Onun sözlərinə görə, bu məqsədlə İranın yeraltı elmi-tədqiqat mərkəzlərində minlərlə sentrifuqa yerləşdirilib:

"Növbəti ildən yayılan məlumatlara görə, İran 2024-cü ildə artıq 60%-lik uranın zənginləşdirilməsinə nail olub. Bu proseslər çərçivəsində kifayət qədər ciddi addımlar atılır və bu sahəyə böyük vəsaitlər yatırıır. ABŞ və İsraili davamlı olaraq yer üzündən silməklə hədələyən İranın nüvə sahəsində bu qədər nailiyyətlər əldə etməsi adıçəkilən ölkələri, eləcə də regionda yerləşən digər dövlətləri ciddi şəkildə narahat edir.

Bu səbəbdən İranın qısa müddət ərzində silah üçün yararlı uranı əldə etməsi tamamilə real məsələdir. Belə proseslər region üçün də, dünya üçün də kifayət qədər böyük təhlükə yaradır".

Ə.Verdiyev hesab edir ki, İranın nüvə proqramını ABŞ və İsrail sıfırlaya biləcəklər.

"Ümumilikdə, İranda böyük dəyişikliklərin baş verməsi də gözləniləndir",- deyə o qeyd etdi.

Xədicə BAXIŞLI