Paşinyanın Türkiyəyə kritik səfəri: İranın dəstəyini itirib, regionda tək qalıb...

"Nikol Paşinyanın Türkiyə səfəri bir neçə aspektdən önəmlidir. Ermənistanın əlaqələrinin inkişafı baxımından bu səfərin çox böyük əhəmiyyəti var".
Bu fikirləri Redaktor.az-a politoloq Zeynal Əmrəliyev Ermənistan Baş naziri Nikol Paşinyanın Türkiyə səfərindən danışarkən bildirdi.
"Məlum olduğu kimi, Ermənistan uzun müddətdir ki, Türkiyə ilə əlaqələrin qurulması üzərində çalışır. Eynilə, sərhədlərin açılmasını istəyir. Lakin buna baxmayaraq, Türkiyə dəfələrlə bəyan edib ki, Ermənistanla sərhədlərin açılması ancaq Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi imzalandıqdan sonra mümkündür. Buna görə də Paşinyan Türkiyəyə səfər edərək bu məsələlərin həlli ilə məşğul olmaq istəyir. Regionda yaranan gərgin vəziyyət isə məsələnin digər tərəfidir".
Onun sözlərinə görə, İsrail-İran arasında müharibə başlandıqdan sonra Ermənistan regiondakı ən böyük müttəfiqlərdən birinin İranın dəstəyini itirib.
"Faktiki olaraq, İranın başı müharibəyə qarışıb. Paşinyan bu çətinlikdə tək qalmamaq üçün Türkiyə ilə əlaqələri yaxşılaşdırmaq istəyir. Ermənistanın Qərbə doğru inteqrasiyası məsələsi də var. 2018-ci ildə Nikol Paşinyan hakimiyyətə gəldikdən sonra Ermənistan güclü şəkildə Qərbə inteqrasiya siyasətinə başlayıb. Amerikanın bölgədəki əsas müttəfiqi olan Türkiyə ilə münasibətləri normallaşdırmadan onun Qərb təşkilatlarına üzv olması çox da inandırıcı deyil".
Politoloq bildirdi ki, Ermənistanın Qərbə gedən yolu ilk növbədə məhz Türkiyədən keçir.
"Azərbaycan və Ermənistan arasında sülh önəmli məsələlərdəndir. Azərbaycan Prezidenti cənab İlham Əliyev də Türkiyədə səfərdə idi. Çox böyük ehtimalla Azərbaycan və Ermənistan arasında sülhün əldə edilməsi məsələsi də Türkiyədə geniş müzakirə olunacaq. Önəmli məsələ Zəngəzur dəhlizinin açılmasıdır. Zəngəzur dəhlizinin açılması Azərbaycanla birgə Türkiyənin də istəyidir. Böyük ehtimalla səfər zamanı Ərdoğan Paşinyanla bu məsələni danışacaq", - deyə Z.Əmrəliyev vurğuladı.
Aytəkin TOFİQQIZI