"Azərbaycanla Türkiyə bütün bölgəyə, dünyaya dostluğun, birliyin nümunəsidir" - Jalə Əliyeva

"Dünən Prezident İlham Əliyev Türkiyəyə səfər etdi və səfər çərçivəsində orada Kahramanmaraş şəhərində bundan 3 il öncə zəlzələ nəticəsində yerlə-yeksan olan şəhərin qurulmasında böyük rolu, dəstəyi olan Azərbaycanın şərəfinə "Azərbaycan" məhəlləsinin açılışında iştirak etdi".
Bu fikirləri Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Jalə Əliyeva Prezident İlham Əliyevin Türkiyəyə səfərindən danışarkən bildirdi.
"Prezidentimiz çoxminlik insan axınının qarşısında çıxış etdi. Biz hamımız gördük ki, türkiyəli qardaşlarımız cənab Prezident İlham Əliyevi "Qarabağın fatehi" kimi isti şüarlarla qarşıladılar. Bayrağımız göylərdə dalğalandı. Prezidentimiz bu səfərdə Azərbaycan bayrağına böyük diqqət, qayğı göstərdi.
Cənab Prezidentin çıxışının hər bir detalı, hər bir cümləsi böyük Türk birliyindən, Azərbaycan–Türkiyə birliyindən xəbər verirdi. Eyni zamanda, Azərbaycanın və Türkiyənin bölgədə artan nüfuzu və dəyişən dünya nizamı çərçivəsində Azərbaycan və Türkiyə birliyinin əhəmiyyəti vurğulanırdı".
Deputat qeyd etdi ki, səfər çox əhəmiyyətli bir səfər kimi qiymətləndirilir.
"Ümumiyyətlə, İlham Əliyevin bütün xarici səfərlərinin hər biri Azərbaycanın xarici siyasət diplomatiyasının yeni bir uğuru kimi qiymətləndirilməlidir.
Söhbət Türkiyədən gedirsə, Türkiyə ilə Azərbaycan sözün əsl mənasında, bölgənin, dünyanın əsl dost, qardaş əhəmiyyətli strateji tərəfdaş olan iki ölkəsidir. Bu iki ölkənin arasındakı münasibətlər həm xalqlararası, həm mədəniyyətlərarası, həm də tarixi baxımdan, iki ölkənin rəhbərliyi, prezidentlərinin qarşılıqlı dost, qardaş səmimiyyəti baxımından qiymətləndirilməlidir.
Azərbaycan–Türkiyə birliyi fərqli yanaşmadır. Bu iki birlik dünya siyasətində fərqli amildir. Dünyada Azərbaycanla Türkiyə arasında olan bütün münasibətləri əhatə edən və durmadan inkişafını davam etdirən iki ölkə göstərmək mümkün deyil.
Bu gün Azərbaycanla Türkiyə bütün bölgəyə, dünyaya dostluğun, birliyin nümunəsidir", - deyə Jalə Əliyeva vurğuladı.
Xədicə BAXIŞLI